Tarif Şurasının növbəti iclası keçirilib.
Şuradan Lent.az-a verilən xəbərə görə, iclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.
Eyni zamanda, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il iyunun 3-dəki 209 saylı qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il iyulun 21-dəki qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Qərar oktyabrın 20-dən qüvvəyə minəcək.