Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda 12 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlanıb. Sosial şəbəkələrdə aralarında 20 yaş fərqinin olması, bununla yanaşı, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.
Maraqlıdır, görəsən, belə bir hadisə həmin uşağın psixologiyasına necə təsir edir? Azyaşlı evlənsə, belə öz uşaqlarına necə ana olacaq?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Lent.az-a açıqlamasında bildirib ki, erkən nikahlar oğlanın psixologiyasına nə qədər təsir edirsə, qızın psixologiyasına iki qat təsir edir.
Onun sözlərinə görə, çünki oğlan o qədər də evlə maraqlanmır:
“Çox təəssüflər olsun ki, Azərbaycanda "oğlana hər şey olar, amma qıza yox" prinsipi ilə yanaşırlar. Həmin yaşda qızlar sıxılıb, incidilib, haqları tapdanılıb. Onlar gəlin getdikləri evdə də eyni münasibəti görürlər. Ona görə də bu uşaq nə təhsil ala bilir, nə də öz hisslərini ailəsi ilə bölüşə bilir. Ona görə də son zamanlarda xəyanətlərin, boşanmaların sayı artıb. Bəzən valideynlər erkən nikahı övladının öhdəliyinə buraxır. Yəni əgər, övladı razıdırsa, erkən nikah baş verir. Amma bu düzgün fikir deyil. Uşaqlar elə yaşda olur ki, onlar öz həyatı ilə bağlı doğru qərar verə bilmir. Valideyn uşağına başa salmalı, erkən nikaha girməsinə mane olmalıdır. Bəzən də erkən nikaha valideynlər səbəb olur. Bunların bir çoxu maddiyyatdan asılı olur. Həmin uşaq azyaşlı olduğundan evi idarə edə bilmir. Kiminsə əlinin altında bir vasitə olur. Həmin qız nə psixoloji, nə də fiziki olaraq ana olur. Beləliklə bu cür ailə uçuruma gedir. Erkən nikah psixoloji cinayətdir. Ümumiyyətlə həm oğlanın, həm də qızın erkən ailə qurması onların, həmçinin gələcəkdəki övladlarının psixologiyasına ciddi təsir göstərir”.