DSMF-də geniş kollegiya iclası keçirilib
17 iyul 2012 17:38 (UTC +04:00)

DSMF-də geniş kollegiya iclası keçirilib

Dövlət Sosial Müdafiə Fondunda 2012-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Səlim Müslümov deyib ki, ilin birinci yarısında ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, ölkəmiz öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb, pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib.

Səlim Müslümov bildirib ki, bu ilin 6 ayında makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,2 faiz təşkil edib. Əhalinin pul gəlirləri isə 14,2 faiz artıb, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq yaranıb. Yanvar-iyun aylarında DSMF-in gəlirləri 1 milyard 272,45 mln. manat təşkil edib və bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343 mln. manat və ya 36,9 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 85,1 mln. manat artaraq 646,7 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi və ya 385,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4 faiz və ya 51,3 mln. manat artmış, proqnoz isə 106,7 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 9,5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 4,4 faiz artıb.

DSMF sədri nəzərə çatdırıb ki, 2012-ci ilin I yarısında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 261,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,8 faiz və ya 33,8 mln. manat artıb, proqnoz 92,6 faiz icra olunub. Ümumilikdə, DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,8% icra olunub və bu, pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu ilin yanvar-iyun aylarında DSMF-in xərclərinin 1 milyard 198,7 mln. manat olduğunu söyləyən Səlim Müslümov əlavə edib ki, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1 milyard 150,5 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Bu artım əvvəlki illərdən həyata keçirilən artımlardan fərqi olaraq böyük kontingenti əhatə edib. Ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir.

Səlim Müslümov qeyd edib ki, cari ilin ilk yarısında əhaliyə 27,0 mln. manat məbləğində müavinət ödənilib. DSMF-in digər xərcləri 21,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2 mln. manat və ya 0,8 faiz azdır. DSMF sədri vurğulayıb ki, bu ilin arxada qalan dövrü ərzində pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilib, bu tədbirlərin mühüm həlqələrindən biri kimi əhaliyə göstərilən elektron xidmətlərin sayı əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Fond tərəfindən əhaliyə 20-yə yaxın interaktiv və informativ elektron xidmətlər təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində yaradılan elektron xidmətlər bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib: “Bir sözlə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Fond tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər qarşıdakı dövr ərzində davam etdiriləcək. Hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür”.

Səlim Müslümov vurğulayıb ki, ilin birinci yarısında həyata keçirilən mühüm tədbirlərdən biri də pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər olub. Xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə DSMF ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib və tender proseduru A Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə 69 lot üzrə baş tutub. Tenderin şərtlərinə uyğun olaraq artıq plastik kartların pensiyaçılara çatdırılmasını DSMF-in şöbələri deyil, bilavasitə tenderdə qalib gəlmiş bankın filial və ya şöbələri tərəfindən yerinə yetirilir. Fond sədri kartların dəyişdirilməsi prosesində pensiyaçıların bir daha inventarizasiyasının aparılması üçün bütün yerli qurumların rəhbərlərinin xüsusi məsuliyyət daşıdığını iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya üzvləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalara nəzarətin gücləndirilməsi, qeydiyyatdan kənar fəaliyyət göstərən şəxslərin sosial sığortaya cəlb edilməsi və əmək ödənişlərinin leqallaşdırılması istiqamətində digər müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlərin gercəkləşdirilməsinin vacibliyini xüsusi qeyd ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ilin ilk yarısındakı fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2012-ci il üçün nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərin daha da intensivləşdirilməsi ətraflı müzakirə olunub. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar