Təhsilimizin Boloniya yolu - ARAŞDIRMA
28 iyul 2011 12:38 (UTC +04:00)

Təhsilimizin Boloniya yolu - ARAŞDIRMA

- İmtahandan gəlirsən?
- Hə.
- Necə oldu, bir şey yaza bildin?
- Pis olmadı, suallar çətin idi, amma xeyli yazmışam... Görək də, nə qismətdirsə, o da olacaq.
- Yaxşı olar... Amma bu qədər əziyyətə, həyəcana dəyməzmiş. Sadəcə, valideynlərimizə söz verdiyimiz üçün oxuyuruq. Təki onlar nigaran qalmasınlar, sıxıntı keçirməsinlər ki, övladımız ali məktəbə girmədi. Valideynə söz verdinsə, gərək eləyəsən. Amma boş şeydi hamısı...


Ötən cümə Bakı Biznes Universitetində II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən imtahanlardan çıxan abituriyentlərin bir dəstəsi universitetin qarşısındakı dayanacaqdan avtobusa doluşur. Bir əlində “Sual kitabçası”, digər əlində su butulkası olan qız abituriyentlərdən biri dərhal arxa tərəfdə oturan gənc xanımın yanında əyləşir. Avtobusda təsadüfən görüşən tanışların söhbətindən məlum olur ki, imtahandan yenicə çıxan abituriyentə ürək-dirək verən gənc xanım Tibb Universitetinin məzunudur: “630 balla girmişdim müalicə işi ixtisasına. Orada oxumaq zülmdür, yenə də zəhmətimi, valideynlərimi gözümə alıb oxudum. İki ildir qurtarmışam, amma görürsən də, haralarda işləyirəm – nə özümə uyğundur, nə də ixtisasıma. İndi diploma baxan da yoxdur, adamın pulun varsa, yaxşı iş də tapacaqsan, yoxdursa, heç nə. Ona görə deyirəm bu qədər əziyyət çəkib oxumağa dəyməzmiş”.

Bayaqdan bəri maraqla qulaq asdığım abituriyent və məzun qızlar arasındakı söhbətə müdaxilə etməkdən özümü saxlaya bilmədim. Arxa tərəfə çevrilib pessimist və qayğılı əhval-ruhiyyə təsiri bağışlayan Tibb Universitetinin məzunundan niyə belə düşündüyünün səbəbini soruşuram. Cavab gözlənilməz, həm də düşündürücü olur:

- Bizim universitetlər əsl mütəxəssis hazırlamır, sadəcə diplom verdikləri adamların sayını artırır. Ali təhsillə orta təhsil arasında heç bir əlaqə yoxdur. Guya ki, Azərbaycan Boloniya prosesinə qoşulub, amma nə diplomlarımızı xaricdə tanıyırlar, nə də təhsildə kredit sistemi işləyir. Heç universitetlərimiz də məzunların sonrakı taleyi ilə maraqlanmır, eləcə diplom verib buraxırlar küçəyə, o məzunlar sonra iş tapdı, ya tapmadı – bu, bizim universitetləri maraqlandırmır...

Bu tip məsələlər, xüsusilə ali təhsili başa vuran məzunların işlə təminat problemi Azərbaycanda həmişə aktual olub. Ancaq 1992-ci ildə planlı sovet təhsil sistemindən imtina bu sahədə əlavə problemlər yaradıb. Sovet dövründən fərqli olaraq, indi ali təhsil müəssisələri yetişdirdiyi kadrlara işləmək üçün təyinat vermir. Azad təyinatla ixtisasa uyğun iş tapmaq, mütəxəssis kimi öz peşəsinə uyğun karyera qurmaq isə hər kəsə qismət olmur. İşə qəbul zamanı tanışlıq, pula hərislik, başqa umacaqlar kimi gerçəkliklərin “yazılmamış qanun” statusu alması da öz yerində.

Bəs, Azərbaycanın da 2005-ci ildə qoşulduğu Boloniya təhsil sistemi bu sırada ali məktəb məzunlarına nə verir? Ümumiyyətlə, Boloniya prosesi hökumətlərin, ali təhsilli mütəxəssis yetişdirən universitetlərin qarşısına hansı öhdəlikləri qoyur?

Bəri başdan deyək ki, Boloniya prosesinə qoşulan ölkələrin universitetləri məzunların təhsildən sonrakı məşğulluğuna, onların ixtisasa uyğun işlə təmin olunmasına məsuliyyət daşıyır. Belə ki, ali təhsil müəssisələri məzunların iş tapa bilmələri üçün onlarla əməkdaşlıq etməli, işəgötürənlə əlaqəli şəkildə onların işlə təminatına yardım etməlidir. Bu isə o deməkdir ki, Boloniya prosesinə qoşulmuş ölkələr və bu ölkələrin ali təhsil müəssisələri kadr hazırlığını işəgötürən təşkilatların sifarişləri və tələbləri əsasında qurmalıdır.

Avropanın təhsil şəbəkəsi

Ölkənin tanınmış pedaqoqları Boloniya prosesini Avropanın təhsil şəbəkəsi kimi xarakterizə edirlər. “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev deyir ki, Avropa Birliyi qurulduqdan sonra ölkələr arasındakı təhsil sisteminin müxtəlifliyi beynəlxalq ictimaiyyət qarşısında əlavə suallar yaradırdı. Belə ki, Birlik daxilində hər hansı bir ölkənin vətəndaşı başqa ölkəyə işləmək üçün gedərkən, övladlarının təhsilləri sahəsində ciddi fərqlərdən dolayı əlavə çətinliklərlə rastlaşırdı. Başqa sözlə, bir ölkədə məzun olan insan başqa ölkədə iş tapa bilmirdi. Bununla əlaqədar olaraq Birliyin rəhbərliyi problemin həlli üçün yollar axtarmağa başladı və çıxış yolu kimi, Avropa Vahid Təhsil Məkanının yaradılması qərara alınıb.

Əhməd Vəliyev deyir ki, Azərbaycanın 2005-ci ildə Boloniya prosesinə qoşulmaqla təhsil sistemini beynəlxalq miqyasda qəbul edilmiş bu modelə uyğunlaşdırmaq öhdəliyi götürüb. Amma onun fikrincə, ölkəmiz bu istiqamətdə hələ çox işlər görməlidir: “Avropanın təhsil standartlarına müvafiq olaraq, ali təhsil sahəsində təxirəsalınmaz islahatların aparılması, informasiya və təcrübə mübadiləsi, kredit sisteminin tətbiqi, diplomların tanınması, məzunlarının işlə təmin olunması Boloniya prosesinin əsas öhdəlikləri sırasına daxildir. Tələbələr məzun olduqdan sonra biz onların işi, həyatı ilə maraqlanırıqmı? İş tapa bilmələri üçün onlara kömək edə bilirikmi, yoxsa onlar məzun olduqdan sonra onlarla əlaqəni kəsirik?”

“Odlar Yurdu” Universitetinin rektoru Boloniya prosesinin üstünlüklərindən danışarkən bir məqamı xüsusi qeyd edir. Əhməd Vəliyevin sözlərinə görə, bu sistemə qoşulmaq Azərbaycan universitetlərinin Avropa Ali Təhsil zonasına bərabərhüquqlu tərəf kimi daxil olmasına şərait yaradır. Həmçinin Avropa Kredit Transfer Sisteminin tətbiqi sayəsində tələbənin müəllimdən asılılığı minimuma endirilir. Diplomların qarşılıqlı olaraq Avropa məkanında tanınması isə məzunların işlə təminatı üçün əlavə imkanlar yaradır.

Boloniya prosesi nədir?

Xatırladaq ki, “Boloniya prosesi” adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Boloniya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində “Magna Carta Universitatum” hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində “Sarbonna Bəyannaməsi” qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri “Boloniya Bəyannaməsi”ni imzalayıb. Bəyannamədə 2010-cu ilədək müştərək Avropa Ali Təhsil Zonasının (EHEA) formalaşdırılmasının prinsipləri müəyyənləşdirilib. 25 mart 2001-ci ildə “Göteborq Tələbə Bəyannaməsi” imzalanır və bu məsələ üzrə sonuncu iclas 2001-ci ilin mayında Praqada keçirilir.

2005-ci ildən bəri 45 ölkə prosesə qoşulmaqla, Boloniya təhsil hədəfinə tərəfdar çıxıblar. Boloniya Monitorinq Qrupunun üzvləri olan 45 ölkədən başqa bəzi beynəlxalq təşkilatlar (Avropa Komissiyası, Avropa Şurası, Avropa Universitetlər Birliyi, Avropa Tələbələri Milli Birlikləri, UNESCO-CEPES və başqaları) da prosesə qoşulub.

Respublika Təhsil Şurasının sədri, tanınmış alim Əjdər Ağayev deyir ki, Boloniya prosesinin əsas hədəflərindən biri kredit sistemi və biliyin çoxballı sistemlə qiymətləndirilməsidir. Ancaq onun fikrincə, bu sistem Boloniya bəyannaməsinin qəbul edildiyi tarixdən əvvəl də ABŞ başda olmaqla bir çox ölkələrdə tətbiq olunub. Türkiyədə ilk dəfə 1957-58-ci tədris ilində Atatürk Universitetində tətbiqinə başlanan bu sistem 1981-ci ildən etibarən bütün ali məktəblərdə tətbiq edilmişdir. Hətta 1994-1996-cı illərdə kredit sistemi ümumtəhsil məktəblərinə də şamil edilsə də, sonradan bu ideyadan imtina olunub. Nəhayət, Almaniyada ənənəvi kurs keçmə sisteminə əsasən fəaliyyət göstərən ali məktəblər də Boloniya prosesinə qoşulub.

Azərbaycanda ilk dəfə Xəzər və Qafqaz universitetləri tərəfindən həyata keçirilən bu sistem 2006-2007-ci tədris ilinin sentyabrından etibarən eksperimental qaydada ölkənin 10 təhsil müəssisəsində seçilmiş bir neçə ixtisas üzrə tətbiq edilməyə başlamışdır. Sonrakı mərhələdə isə milli təhsil sistemlərində tətbiq olunan kredit sistemi üçün Avropa təhsil məkanında qəbul olunmuş AKTS (Avropa Kredit Transfer Sistemi) 5 ümumi baza təşkil edəcək.

Ekspertlər bildirirlər ki, Boloniya prosesinin tətbiqi təhsil sahəsində inteqrasiyanın sürətləndirilməsi ilə yanaşı Azərbaycanda verilmiş diplomların Avropa məkanında
tanınması və qəbul edilməsi baxımından da önəmlidir. Əjdər Ağayev deyir ki, kredit sisteminin əsas məqsədlərindən biri müvəffəqiyyəti mükafatlandırmaq və qeyri-müvəffəq olma ehtimallarını minimuma endirməkdir: “Sistem tələbənin fəallığının, praktik biliklərin və məşğələlərin, seçməli fənlərin, təcrübə saatlarının artırılmasına, tədqiqatçı vərdişlərinin əldə olunmasına təminat verir. Ən başlıcası isə kredit sistemi həm tələbədən, həm də müəllimdən tədris prosesinə daha artıq məsuliyyətlə yanaşmağı tələb edir”.

Kredit sisteminin praktik faydalarına gəlincə, ekspert bildirir ki, onun tətbiqi ilk növbədə Azərbaycan təhsilinin ümumavropa təhsil sisteminə inteqrasiyasına zəmin yaradır. Bu isə Azərbaycan təhsilinin cəlbediciliyini və rəqabət qabiliyyətini artırır. Əjdər Ağayevin fikrincə, bu sistemin tətbiqi ali məktəblərə və tələbələrə universitetlərarası və ölkələrarası tələbə mübadiləsi aparmaq imkanı verir. Sistem həmçinin təhsildə demokratik prinsiplərin bərqərar olmasına, fənlərin sayının, müəllim və tələbənin nəzəri dərs yükünün həcminin azaldılmasına gətirib çıxarır: “Sistem zəif tələbəyə də öz potensialından axıra qədər istifadə etmək üçün şərait yaradır. Tələbənin hər hansı subyektiv münasibətin, şəxsi-qərəzlik kimi amillərin qurbanı olması hallarının qarşısını alır. Hətta bir fəndən qeyri-müvəffəq qiymət almış tələbə uğurla başa vurduğu digər fənlər sayəsində kursda qalmaq, ali məktəbdən xaric olunmaq kimi sərt cəza tədbirləri ilə üzləşmir. Sadəcə o, akademik borcu olan fəndən kəsilmiş sayılır və əldə etdiyi digər nailiyyətləri öz qüvvəsində qalır”.

Maraqlıdır ki, Azərbaycan Boloniya prosesinə hələ 2005-ci ildə qoşulsa da, kreditli təhsil sistemi yalnız bir neçə universitetdə tətbiq olunur. Bir neçə universitetdə isə bu sistem yalnız ayrı-ayrı ixtisaslarda gerçəkləşdirilir. Hazırda Azərbaycanda Boloniya prinsipləri üzrə tam kreditləşmə yalnız Qafqaz Universiteti, Xəzər Universiteti və Naxçıvan Dövlət Universitetinin payına düşür. 1993-cü ildən kredit sisteminin tətbiqinə başlayan Qafqaz Universitetinin Türkiyə və digər ölkələrlə əlaqələri burada Boloniya sisteminin daha sürətlə inkişaf etdirilməsinə daha
yaxşı şərait yaradıb.

7 tələb, 7 sual

Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov isə hesab edir ki, Boloniya prosesi təkcə vahid kreditli təhsil sisteminin qəbul edilməsindən ibarət deyildir. Onun sözlərinə görə, bu prosesə keçmək üçün təklif olunan əsas şərtlərdən biri diplomların tanınmasıdır: “Hazırda Azərbaycan tərəfi diplomların tanınması məsələsi üzərində çox diqqətlə iş aparır. Biz bu prosesi həyat keçirərkən digər ölkələrin tədris planları ilə tanış oluruq, fərqli cəhətlərin ortadan qaldırılması istiqamətində proqramlar hazırlayırıq. Hazırda Avropa ölkələrinin əksəriyyətində tədris planları vahid proqram əsasında tətbiq olunmaqdadır. Təhsil Nazirliyinin müvafiq şöbələri belə məsələlərin texniki tərəflərini öyrənərək universitetlərə tövsiyə xarakterli təkliflərini verir”.

İlham Pirməmmədov Boloniya prosesinə qoşulanın universitetlərdə kredit sisteminin tətbiqinin məcburi olmadığını da söyləyir. Onun sözlərinə görə, Boloniya prosesi tövsiyə və deklarasiya xarakterli fəaliyyət növüdür: “Ən mühümü odur ki, bu iş ölkəmizin təhsil sisteminin inkişafı üçün faydalıdır. Bu proses ölkəmizin təhsil sisteminin Avropa təhsil sistemi ilə inteqrasiyasına önəmli faydalar gətirəcəkdir. Ona görə də biz təhsil sistemimizin daha yaxşı inkişaf etdirilməsi üçün bu məsələyə diqqətlə yanaşmalıyıq”.

Nazirlik rəsmisi deyir ki, Avropa Birliyi Boloniya prosesinə qoşulmuş ölkələr qarşısında sual xarakterli 7 tələb qoyur. Bu tələblər məzunların düşüncə səviyyəsi universitetimizin təhsil səviyyəsindən müsbət mənada kənara çıxa bilməsi, bir universitetdə təhsil alan tələbənin digər ali məktəbdə təhsilini davam etdirə bilməsinin stimullaşdırılması, ölkə universitetləri arasında tələbə mübadiləsinin aparılması, nəzəri biliklərlə yanaşı praktiki qabiliyyətlər aşılayan dərslərə üstünlük verməsi və digər şərtləri nəzərdə tutur.

“Biz təhsil sahəsində dünya ilə inteqrasiya edə bilmək üçün təhsilimizi bu tələblərə uyğunlaşdırmalıyıq. Hazırda Təhsil Nazirliyi bu istiqamətdə çox böyük proqramlar həyata keçirir, ixtisasa yiyələnmədə təhsilin məzmununun, kreditlərin və qiymətləndirmənin, diplomların tanınması və məzunların işlə təminatının ortaq təhsil standartlarına uyğunlaşdırılmasına çalışırıq” – deyə, İlham Pirməmmədov əlavə edib.

Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2207

Oxşar yazılar