XXI əsrin qullar ölkəsi
12 dekabr 2024 20:15 (UTC +04:00)

XXI əsrin qullar ölkəsi

Qədim tarixdə çox az sayda xalq və topluma rast gəmək olar ki, quldarlıq dönəmini bu və ya digər formada yaşamasın. Əlbəttə, insanlığı öz vəhşi keçmişinə görə qınamaq doğru olmaz. Nəzərə almaq lazımdır ki, təkcə cəmiyyətdə deyil, eyni zamanda təbiətdə də təkamül ibtidaidən aliyə doğru gedir. İnsanın şüuru, düşüncəsi, mədəniyyəti inkişaf etdikcə anladı ki, başqalarını qul etmək, kölə kimi saxlamaq həm əxlaqi, həm də hüquqi baxımdan yolverilməzdir.

Əfsuslar olsun ki, XXI əsrdə də qul həyatı yaşayan insanlar, quldarlıq quruluşunu davam etdirən toplumlar var.
Qlobal köləlik indeksinin hesablamalarına görə, müasir dünyada milyonlarla insan qul vəziyyətində yaşayır. Müasir qullar alınıb-satılır, məcburi nikaha cəlb edilir, ən ağır işlərdə çalışmağa məcbur edilirlər.

Ürəkağrıdan faktdır ki, bəzi ölkələrdə köləlik normal hal hesab olunur. Beynəlxalq təşkilatlar isə bu problemin qarşısını almaqda aciz görünürlər. Yazıda quldarlığın de-fakto davam etdiyi üç ölkədən bəhs edəcəyik.

Mavritaniya: qul uşaqların vətəni 

İqtisadi və mədəni səviyyəsinə görə beynəlxalq indekslərdə sonuncu yerlərdə olan Mavritaniyada iki dəfə: 1981-ci ildə və 2007-ci ildə rəsmi olaraq ləğv edilməsinə baxmayaraq quldarlıq hələ də davam etməkdədir.

Lakin bu qadağa sadəcə olaraq, konstitusiyada işləməyən bəndlərdən biridir. Əhalisinin sayı 5 milyona yaxın olan ölkədə qulların sayı, müxtəlif hesablamalara görə, milyon nəfərə çatır. Bu isə əhalisinin sayına nisbətdə dünyada köləliyin ən yüksək səviyyəsi hesab olunur.

Mavritaniyanın qulları əsasən qadınlar və uşaqlardan ibarətdir. Burada yoxsul və çoxuşaqlı ailələr öz övladlarını qul alverçilərinə satmağa məcbur olur. Müəyyən məbləğ qarşılığında kölə kimi satılan azyaşlı qız və oğlan uşaqları ev qulluqçuluğundan tutmuş, əkin sahələrində işləməyə qədər – bütün ağır işlərdə çalışırlar. Bu insanlar həm fiziki, həm psixoloji, həm də seksual istismara məruz qalırlar.

Əlbəttə, ölkə qanunlarına görə onlar azad insan sayılırlar. Lakin onların azadlığı yalnız kağız üzərində qalmaqdadı. 
Burada kölələrin övladları da qul sayılır və onlar da ağanın mülkiyyətinə aid edilir.

Haiti: Sələmçilərin qul bazarı

Afrikanın daha bir ölkəsi – Haitidə də quldarlıq davam edir. Yaxın tarixdə bir neçə dəfə qul inqilabının baş qaldırmasına və qanunla quldarlığın qadağan edilməsinə baxmayaraq, faktiki olaraq ölkədə köləlik hələ də hökm sürməkdədir. Köləliyin əsas səbəbi burada da, əhalinin hədsiz yoxsulluğu və mədəni səviyyənin aşağı olması ilə izah olunur.
Ölkədə cinayətkar dəstələr əhali ilə çox qəddar davranırlar. Dövlət isə bu cür qanunsuzluqların qarşısını almaqda aciz görünür.

Statik hesablamalara görə əhalinin təxminən 10%-i cinayətkar dəstələrin əsarətində və birbaşa nəzarətindədir. Köləliyin əsas səbəbi isə borclardır.

Nisbətən imkanlı qruplar əhalinin kasıb təbəqəsinə həvəslə kredit verirlər. İnsanlar borclarını qaytara bilməyəndə kredit verən şəxslərdən asılı vəziyyətə düşür, nəticədə qul kimi işləmək məcburiyyətində qalırlar.

Bundan başqa Haitidə Restavek sistemi mövcuddur. Bu sistemə əsasən yoxsul valideynlər övladlarının ali təhsil alması ümidi ilə onları zəngin evlərə xidmətçi  göndərirlər.

Həmin gənclər də sahibkarlar tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalırlar. Ölkədə “borc uşaqlarının” sayı ildən-ilə artmaqdadı. Aparılan araşdırmalara görə onların yarıdan çoxu qızlardır. 

Əfqanıstan: Qadınları cariyə edən əfqanlar 

Digər ölkələrdə olduğu kimi Əfqanıstanda da köləlik pislənir və qanunla qadağandır.

Lakin bütün bunlar sadəcə olaraq, sözdədir. Əfqanıstanda əsasən, qadınlar kölə həyatı yaşayır.
Bu ölkədə də Haitidə olduğu kimi, çox vaxt borc ucbatından köləyə çevrilirlər. İnsan borcunu ödəmək ümidi ilə ağanın qapısında nökərçilik etsə də borcun məbləği azalmaq əvəzinə artır.

Əgər bu formada qul edilən şəxs qaçmağa qərar verirsə, o axtarılır və onun qaçması ilə sahibkara “dəyən zərər” də  borcun üzərinə əlavə olunur.
Əfqanıstanda qadınların həyatı xüsusilə ağırdır.

Məsələn, bu ölkədə yayğın hallardan biri də kasıb ailələrin qızlarına varlı “nişanlı”ların peyda olmasıdır. Bu şübhəli nişanlılar kasıb qızlarına bər-bəzək, valideynlərinə isə müxtəlif hədiyyələr və pul verərək qızı ailə qurmaq adı ilə alıb aparırlar. Ərə getdiyini sanan qız, özü kimi aldadılan digər qızlarla birlikdə başqa əyalətlərə aparılaraq qul əvəzinə satılır. Bu yolla kölə edilən qadınların qaçmaq şansı çox az olur və onların yeganə azadolma ümidi  ağalarının mərhəmətinə qalır.

Beynəlxalq təşkilatlar bu ölkələrdə öz ağasından qaça bilən qullar üçün xüsusi düşərgələr yaratmağa, onları sığınacaqla təmin etməyə çalışır. Lakin bu da bir çox hallarda gözlənilən effekti vermir. Çünki keçmiş ağalarının təqib və ağır cəzasından qorxan qullar arasında qaçmağa risk edənlərin sayı azdır.

XXI əsrin qullar ölkəsi - FOTOLENT XXI əsrin qullar ölkəsi - FOTOLENT XXI əsrin qullar ölkəsi - FOTOLENT

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Murad Köhnəqala

Oxşar yazılar