Bakıda ər-arvad evlərində öldürülüb
12 iyul 2011 17:09 (UTC +04:00)

Bakıda ər-arvad evlərində öldürülüb

Azərbaycan paytaxtında daha bir dəhşətli qətl törədilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu hadisə də paytaxtın Nərimanov rayonunda qeydə alınıb.


Məlumata görə, hadisə rayonun Ağa Nemətulla küçəsi ev 62, mənzil 16 ünvanında qeydə alınıb. Sözügedən mənzildə yaşayan şəxslərin öldürülməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvana əməliyyat qrupu çıxıb.


Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, adıçəkilən ünvanda yaşayanlar – 80 yaşlı Cabbar Əkbərov və onun həyat yoldaşı, 76 yaşlı Telli Cabbarova bıçaqlanaraq xüsusi amansızlıqla qətlə yetiriliblər. Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil. İlkin məlumata görə, hadisə tamah məqsədi ilə törədilib. Baş vermiş hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun yüksək rütbəli əməkdaşları hadisə yerinə gəliblər.


Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, bu, Bakının Nərimanov rayonunda son bir-neçə gündə törədilən 3-cü ağır cinayət hadisəsidir. Belə ki, üç gün əvvəl “Azercell”in əməkdaşlarına silahlı basqın edən naməlum şəxslər onlara xəsarət yetirərək külli miqdarda pul aparıblar.

İyulun 11-də isə “Azər-Ross” MTK-nın Nərimanov rayonundakı ofisinə silahlı basqın olub. Basqın zamanı şirkətin rəhbəri qətlə yetirilib, baş mühasibi isə xəsarət alıb.

Hər üç cinayət hadisəsinin üstü hələ də açılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar