III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
05 iyul 2011 19:55 (UTC +04:00)

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 3-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 5-də saat 19:20-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında yerləşdirilib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 32870 abituriyentdən 1889 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 30981 abituriyentdən 34 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 8981 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2150

Oxşar yazılar