Professor Murad Ömərov: “Ukrayna ilə Azərbaycan arasındakı sıx münasibətlər diaspor təşkilatları qarşısında yeni imkanlar açır”
05 iyul 2011 19:27 (UTC +04:00)

Professor Murad Ömərov: “Ukrayna ilə Azərbaycan arasındakı sıx münasibətlər diaspor təşkilatları qarşısında yeni imkanlar açır”

Ukraynanın ən böyük vilayətlərindən biri olan Xarkovda təxminən əlli minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımızın bu regionda fəallığı daha nəzərəçarpandı. Onlar bu bölgədə biznes fəaliyyəti ilə məşğul olmaqla yanaşı, digər sahələrdə də - ali təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, mədəniyyət və səhiyyə sahələrində dəyərli mütəxəssislər kimi tanınırlar.

Xarkovda yaşayan həmvətənlərimiz Ukraynanın ictimai həyatında da yüksək fəallıq nümayiş etdirirlər. Vilayətdə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir. “Dostluq” Azərbaycan – Ukrayna Xarkov vilayət təşkilatını isə xarkovlular Ukrayna ilə Azərbaycan arasında dostluq körpüsü adlandırırlar. Təşkilatın rəhbəri, Xarkov Milli Radioelektronika universitetinin kafedra müdiri, universitetin xarici tələbələrin təhsil mərkəzinin direktoru, texnika elmləri doktoru, professor Murad Ömərov 1990-cı ildən Ukraynada Azərbaycan diasporunun ən fəal üzvlərindən biridir. Ukraynada Azərbaycanla bağlı həyata keçirilən layihələrdə xüsusi fəallıq göstərən Murad müəllimin Xarkovda Bakı mədəniyyət günlərinin keçirilməsində, “Ukrayna ilə Azərbaycan arasında mədəni, iqtisadi əlaqələrin inkişafı” mövzusunda keçirilən dəyirmi masanın təşkil olunmasında , Xarkov-Bakı aviareysinin bərpa edilməsində və bir çox digər həcmli layihələrin reallaşmasında zəhməti və töhfəsi az olmayıb. Onun rəhbərlik etdiyi təşkilatda Bazar günü məktəbi, “Dostluq” mədəniyyət və təhsil mərkəzi, “Natəvan” Qadınlar klubu, bədii rəqs və musiqi kollektivləri bütövlükdə azərbaycançılıq prinsiplərinin təbliğinə, diaspor fəaliyyətinin inkişafına xidmət edir.

Bu gün təşkilatın idarə heyətində adlarını qürur hissi ilə çəkə bildiyimiz soydaşlarımız – fizika-riyaziyyat elmlər doktoru, professor, Ukraynanın Tətbiqi Radioelektronika Akademiyasının akademiki Eldar Vəliyev, Ukraynanın xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov, iqtisad elmlər namizədi Şahin Ömərov, ehtiyatda olan polkovnik Bəhlul Mustafayev, publisist-jurnalist Etibar Əhmədov, bir çox musiqi festivallarının və müsabiqələrin laureatı Ülviyyə Hüseynova və digər üzvlər təkcə Xarkovda deyil, bütövlükdə Ukraynada Azərbaycanı layiqincə təmsil edirlər.

“Dostluq” Azərbaycan – Ukrayna Xarkov vilayət təşkilatının sədri Murad Ömərov Ukraynada Azərbaycan diasporunun inkişafı üçün yeni imkanların açıldığından danışır: “Azərbaycanla Ukrayna arasında olduqca sıx, qarşılıqlı əlaqələr mövcuddur. Artıq neçə illərdir ki, bu iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq müstəvisinə keçib. Ötən ay Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfərinin nəticələri bunu bir daha təsdiqlədi. Dostluq və qardaşlıq üzərində köklənən Azərbaycan və Ukrayna əlaqələri bütün sahələrdə öz dinamik inkişafı ilə xalqlarımız arasında xoş və işgüzar münasibətlərin yaranmasına səbəb olub. Bu münasibətlər öz növbəsində Ukraynada yaşayan azərbaycanlıların fəaliyyətinə də müsbət təsir göstərir. Elə bunun nəticəsidir ki, Ukraynada yaşayan azərbaycanlıların təşkilatlanma məsələsində heç vaxt problem yaranmayıb. Hal-hazırda Ukrayna əhalisinin milli tərkibinə görə azərbaycanlılar ukraynalılar və ruslardan sonra üçüncü yerdə durur. Ukrayna dövləti tolerantlığın təzahürü kimi ərazisində yaşayan bütün millətlərə milli mənsubiyyətindən və dinindən asılı olmayaraq onların öz mədəniyyətlərinin, milli mənəvi dəyərlərinin qorunmasına və inkişafına sərbəst şərait yaradan bir dövlətdir. Bu ölkədə fəaliyyət göstərən hər bir ictimai təşkilatın dövlət quruculuğu proseslərində iştirakına da tam münbit şərait yaradılıb. Sözsüz ki, Ukrayna ilə Azərbaycan arasındakı sıx münasibətlər diaspor təşkilatları qarşısında yeni imkanlar açır. Diaspor hərəkatının güclənməsində, Azərbaycanın yeni imicinin Ukrayna ictimaiyyətinə təqdim edilməsində bu imkanlardan səmərəli şəkildə bəhrələnmək hər birimizin qarşısında duran ən başlıca vəzifə olmalıdır”.

Azər Qardaşlı

Ukraynada nəşr olunan “Azərbaycanın sözü” qəzetinin baş redaktoru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400

Oxşar yazılar