Şirin həyat və ya ağ ölüm
05 mart 2011 16:32 (UTC +04:00)

Şirin həyat və ya ağ ölüm

J.Labryuyer fransız alimi

Şəkərin orqanizmə xeyri və ziyanları barədə minlərlə kitablar yazılıb, elmi araşdırmalar aparılıb. Əslində şəkəri bizim tanıma tariximiz o qədər də uzaq deyil - 150 ildən azacıq çox olar. Şəkər yaxın keçmişə qədər əhalinin yalnız zəngin qisminə aid bir ərzaq idi. Özü də çox baha olduğundan apteklərdə qramla satılardı.

Şəkərin vətəni Hindistandır. Təxminən 2300 ildir ki, istifadə edilir. O, Avropada qədim romalılara da məlum olub. Qəhvəyi rəngli şəkər dənəcikləri şəkər qamışının şirəsindən hazırlanır, Hindistandan Avropaya gətirilirdi. Misir və Roma imperiyasının əyalətləri şəkər satışında Hindistana vasitəçilik edirdilər. Sonradan şəkər qamışı Sicilya və Cənubi İspaniyaya gətirilsə də, bu iş burada davam etdirilmədi.

Rusiyaya şəkər XI-XII əsrlərdə gətirilib. Şəkəri knyazlar və ona yaxın adamlar dada bilərdilər. Rusiyada ilk “Şəkər Palatası” XVIII əsrin sonlarında l Pyotr tərəfindən açılmışdı. Şəkərin xammalı yalnız xaricdən gətirilirdi. 1802-ci ildə isə şəkər yerli xammal - şəkər çuğundurundan istehsal olunmağa başladı. Əvvəlcə Tula vilayətində şəkər çuğunduru əkininə başladılar, sonra isə digər rayonlarda bu işi xeyli genişləndirdilər.

Alman kimyaçısı Andreas Marggraf, 1747-ci ildə şəkər çuğundurunun tərkibindəki şəkərlə şəkər qamışındakı şəkərin eyni olduğunu kəşf edib. Kiçik kubiklər kimi qənd isə ilk dəfə Çexoslovakiyada 1843-cü ildə istehsal olunub. İndi həmin yerdə - Daçitse şəhərində zavodun önündə kubşəkilli qəndin simvolik heykəli qoyulub.

Qədim insanlar orqanizmin şəkərə olan ehtiyacını bal və meyvələrlə ödəyirdilər. Tərkibində saxaroza olan bəzi çiçəklər də bəzən bu məsələdə insanların işinə yarayırdı. Qədim Hindistanda şəkər maduk ağacının çiçəyindən alınırdı. Afrikada da müxtəlif bitkilərin çiçəklərindən şəkər almaq üçün istifadə edilirdi.

İlk dəfə Yaxın Şərqdə şəkər qamışı istehsalına eramızın əvvəllərində başlanması da sübut edir ki, insanın indiki şəkərdən istifadə etməsi o qədər də qədim deyil.

Bizim istifadə etdiyimiz şəkər, şəkər qamışının gövdəsindən və şəkər çuğundurundan istehsal olunur. İndi dünyada istehsal olunan şəkərin 40 faizi şəkər çuğundurundan və 60 faizi isə şəkər qamışından alınır.

Orqanizmə daxil olan şəkər - saxaroza, cəmi bir neçə dəqiqə ərzində qlükoza və fruktozaya çevrilərək enerji mənbəyi olur. O enerjidən başqa heç bir bioloji dəyərə malik deyildir. Şəkərin hər 100 qramı ~ 409,2 kkal enerjiyə malikdir. Şəkər faydalıdırmı?

Şəkərin mənfi xüsusiyyətləri də var:

1. O verdiyi enerjidən başqa heç bir qidalandırıcı dəyərə malik deyil.

2. Həmin enerjini orqanizm başqa ərzaqlardan alsaydı, daha faydalı olardı, orqanizm həm də əlavə vitamin və mineral maddələr qəbul etmiş olardı.

3. Şəkər dişin düşmənidir. İnsanın ağzında olan bakteriyalar şəkərlə reaksiyaya girib turşu əmələ gətirir ki, bu da dişin emal qatını dağıdır, karies əmələ gətirir.

4. Artıq miqdarda şəkər qəbulu orqanizmdə piylərin artmasına gətirib çıxarır, kökəlmə və insanın bədən fiqurunun pozulmasına səbəb olur.

5. Şəkərin glikemik effekti var. Məsələn, insan şirin tort yeyən kimi şəkər ani olaraq qana sovrulur. Qanda şəkərin miqdarı artmağa başlayır. Mədəaltı vəzi insulin ifraz edir və həmin insulin şəkərin miqdarın ciddi aşağı salır. Beyinə bir qədər də yeməklə bağlı siqnal gedir. İnsan yenə tort yeyir. Beləcə sonsuzluğa qədər. Nəticədə davamlı olaraq orqanizmdə insulin əmələ gəlməyə başlayır. Bu isə xroniki diabet və infarkt qazanmaq riskini artırır.

6. Nəticədə qanda saxarozanın miqdarının artması ateroskleroz, işemiya və hipertoniya xəstəliklərinə tutulma riskinin yüksəlməsinə gətirib çıxarır.

7. İnsanın immun sistemi pozulur.

8. Şəkəri sevənlər çoxlu miqdarda B1 vitamini qəbul etməli olurlar. Bu onların yediyi şəkərin həzmi üçün tələb olunur.

Faydalı cəhətləri:

1) Şəkər bizdə xoş duyğular oyadır. Şəkər yeyərkən əmələ gələn insulin beyində serotin və dofamin ifrazına səbəb olur. Bunlar isə xoşbəxtlik hormonları olduğundan insan özünü məmnun hiss edir, kefi kökəlir.

2) Orqanizmə daxil olan şəkər qlükozaya çevrilir, o isə bizi enerji ilə təchiz edir.

Şəkər əvəzediciləri ziyanlıdırlar.

Şəkər əvəzediciləri, məsələn, aspartame (E951), asesulfam (E950) az kalorili olmaqla yanaşı, şəkərdən 200 dəfə şirindir. Bu ən geniş yayılmış kimyəvi şəkər əvəzləyicisi olsa da, ən ziyanlısıdır. Uzun müddət qəbul edildikdə baş ağrısı, qulaqlarda səs, depressiya, allergiya və s. xəstəliklər əmələ gətirir. Güman edilir ki, kanserogen xüsusiyyətləri də vardır.

Qlükoza uzun müddət vena damarlarına vurularaq müxtəlif ürək-damar xəstəliklərinin, əsəb sistemi və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilib. Artıq səhiyyə tədricən bundan imtina etməyə başlayıb. Aydın olub ki, xüsusilə yaşlı adamlarda bu piylənməyə və qanda şəkərin miqdarının yüksəlməsinə gətirib çıxarır. Əgər gənclərin gündəlik karbohidrat ehtiyacı 400-500 milliqramdırsa, yaşlı adamlarda cəmi 100 milliqramdır.

Onu da bilməliyik ki, karbohidratlar təkcə şəkər demək deyil, həm də bal, meyvələr, undan bişirilmiş ərzaqlardır. Bunlardakı şəkər orqanizmdə tez həzm olunaraq qana sovrulur. Şəkər əvəzinə meyvə-tərəvəzdən istifadə edilsə, daha yaxşı olar. Meyvə və gilə-meyvələrdə vitaminlərin bolluğu onlardan istifadə etməyi daha məqsədəuyğun hala gətirir. Arı balı da vitamin, üzvi turşular, duzlar, fermentlərlə boldur ki, orqanizmin də bunlara tələbatı hədsizdir və orqanizm daha rahat nəfəs alar.

Qəhvəyi qənd növü də var ki, buna çay və ya qəhvə qəndi deyirlər. Bəziləri dadına və ətrinə görə bu qəndi tərifləyir, bəziləri də gec həzm olduğuna və insanı kökəltdiyinə görə bəyənmirlər. İstehsalçılar onu ekoloji təmiz məhsul adlandırırlar. Dietoloqlar isə təmizlənmədiyindən tərkibində başqa qarışıqların olduğunu və kalorisinin yüksəkliyini əsas gətirərək ondan istifadəni məsləhət görmürlər.

Müxtəlif içkilərdəki şəkər və karbohidratlar insanın fiziki iş qabiliyyətini artırır, beyindəki məmnunluq mərkəzlərini stimullaşdırır. Bu effekt hətta bircə qurtum şirin içki alıb kənara atdıqda belə özünü göstərir. Amma tərkibində şəkər olmayan şəkər əvəzedicilərindən istifadə edildikdə isə bu effekt hiss edilmir. Yəni orqanizmə əsas təsir edici şəkərin dadı yox, kalorisidir.

Şəkər insanın qocalma prosesinə birbaşa təsir edir və ciddi ziyanı var. Ən müxtəlif xəstəliklərin əmələ gəlməsi, xüsusilə dərinin qocalması, qırışlar əməlı gəlməsi, ürək-damar, qan dövranı və s. bir sıra xəstəliklərin inkişafında da rolu böyükdür. Təbabət şəkəri çoxdan “ağ ölüm” adlandırır. Ondan uzaq olun. Xəstələnməyin.

Ağarəsul Məmmədli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fəlsəfə doktoru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942

Oxşar yazılar