Lent.az İTV-yə istinadən xəbər verir ki, sözügedən məktəbin direktoru məsələ ilə bağlı açıqlama verib.
"Dünən, 20 aprel tarixində səhər saat 10 radələrində məktəbimizin 9E sinif şagirdinin atası məktəbə yaxınlaşaraq sözünün olduğunu bildirib. Doqquzuncu siniflərə nəzarət edən tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mustafayeva valideynlə görüşüb və onun şikayətini dinləyib. Valideyn bildirib ki, həftənin 5-ci günü, 17 apreldə övladı və sinif yoldaşı arasında mübahisə olub, onlar dalaşıblar. Bu barədə araşdırma aparılmasını, həmçinin şagirdlər arasında barışıq yaradılmasını xahiş edib. Direktor müavini valideynə bildirib ki, biz məşğul olacağıq. Valideyn evinə gedib və direktor müavini birbaşa qalxıb həmin 9E sinfinə. 9E sinfində də bu zaman sinif rəhbəri riyaziyyat dərsi keçirmiş və direktor müavini şagirdlərin adlarını çəkərək kim olduqlarını soruşub və sinifdən çıxarmaq üçün çağırıb. Elə bu anda ondan arxada əyləşən şagird evdən gətirdiyi termosu açaraq spirti digər şagirdin üzərinə tökərək ona xəsarət yetirib".