Hollivud aktrisası Anne Hathavay dünyanın ən gözəl qadınları siyahısına başçılıq edib. Bu illik siyahı “People” jurnalının rəsmi saytında dərc olunub.
Lent.az xəbər verir ki, 43 yaşlı Anne Hathavay jurnalın versiyasına görə dünyanın ən cazibədar qadını seçilib və üz qabığı üçün fotosessiyaya çəkilib. Aktrisa dərin dekolteli, üzərində çiçək aplikasiyaları olan qara libasda poz verib. O, həmçinin bir neçə üzük və sırğa taxıb. Məşhur ulduz kameralar qarşısına səliqə ilə yığılmış saç düzümü və qara laynerlə vurğulanmış makiyaj, eləcə də pomada ilə çıxıb.
Müsahibəsində Anne Hathavay formasını necə qoruduğunu da açıqlayıb. Aktrisa şəxsi məşqçisi Monike İstvud ilə məşq etdiyini bildirib.
“Mən Monike İstvud ilə məşq etməyi çox sevirəm. O, dahidir. Keçmiş balerina olduğu üçün baleti yüksək intensivlikli interval məşqləri, pilates və yoqa ilə birləşdirib. Onunla fərdi şəkildə məşq etmək imkanım olduğu üçün özümü çox şanslı hesab edirəm. Artıq dörd ildən çoxdur birlikdə çalışırıq və o, məni daha da yaxşı edib,” — deyə aktrisa bildirib.
