Təhsil alanların 22,2 faizi işləmir
16 sentyabr 2009 18:00 (UTC +04:00)

Təhsil alanların 22,2 faizi işləmir

Azərbaycanda fasiləsiz təhsillə əhatə imkanları genişdir, amma...

Dövlət Statistika Komitəsi əhalinin fasiləsiz təhsildə iştirakına dair apardığı ongünlük statistik müayinənəin nəticələrini açıqlayıb. 18000 ev təsərrüfatında yaşayan 33 min 486 nəfər arasında keçirilmiş sorğuda əhatə olunan şəxslərin yaş həddi 25-64 yaşdır. Respondentlərin 55,4 faizini şəhər sakinləri, 49,7 faizini kişilər, 50,3 faizini qadınlar, 39,1 faizini 25-39 yaşda, 29,6 faizini 40-49 yaşda, 31,3 faizini 50-64 yaşda olanlar təşkil edib.

Komitədən Lent.az-a bildiriblər ki, iştirakçıların 20,4 faizi ali, 13,5 faizi orta ixtisas, 5,3 faizi ilk peşə - ixtisas, 52,8 faizi tam orta, 6,3 faizi ümumi orta, 1,3 faizi ibtidai təhsilə malikdir. Digər 0,4 faizi isə savadlı olsalar da, tam ibtidai təhsili olmayanlardır.

Müayinənin nəticələrinə görə, sorğu olunan 86,2 faizi son 12 ay ərzində fasiləsiz təhsildə, o cümlədən 0,3 faizi formal, 14,7 faizi qeyri-formal, 71,2 faizi informal təhsildə iştirak etmişdir. Şəhər yerlərində bu göstəricilər kənd yerlərinə nisbətən xeyli yüksək olub. Formal təhsil alan respondentlərin 95 faizi, qeyri-formal təhsil alanların 85,2 faizi 25-39 yaşlı şəxslərdir.

Formal təhsil alanların 59,6 faizi orta ixtisas, 26,3 faizi ali, 10,1 faizi ilk peşə ixtisas müəssisələrində, 4 faizi aspirantura və doktoranturada təhsil alıblar. Bu təhsil növündə iştirak edənlərin 66,7 faizi təhsilini davam etdirmələrinin daha yüksək səviyyəli iş tapmağı, 16,1 faizi məşğul olduğu yeri itirməməyi, 17,2 faizi şəxsi biznes qurmağı əsas səbəb kimi göstəriblər.

Tələbələrin 15,2 faizi təhsil müəssisələrində təhsilə gün ərzində 3 saat, 33,3 faizi 4 saat, 51,5 faizi isə 5-6 saat vaxt sərf ediblər. Bu təhsil növündə öz biliklərini zənginləşdirmək üçün sorğu olunanların 82,8 faizi həm kompüterdən, həm də internetdən istifadə etdiklərini bildiriblər.

Sorğu əsasında o da məlum olub ki, təhsil alanların 22,2 faizi işləməyənlərdir. Təhsil aldıqları müddətdə işləyənlərin 6,5 faizi üçün işəgötürənlər tərəfindən təhsilhaqqı bütövlükdə və ya qismən ödənilib, 75,3 faizi üçün ödənilməyib, 18,2 faizi üçün isə belə xərclər tələb olunmayıb. Formal təhsil alanların 39,4 faizinin təhsilhaqları özləri tərəfindən bütövlükdə və ya qismən ödənilmiş, 60,6 faizi üçün isə belə xərclər tələb olunmayıb.

Formal təhsildə iştirak edənlərin hamısı dərs ləvazimatlarına və köməkçi vasitələrə xərc çəkib. Çəkilən xərclərin 11,1 faizi 100 manatadək, 8,1 faizi 100-200, 22,2 faizi 200-300, 31,3 faizi 300-500, 27,3 faizi isə 500-1000 manat arasında olub. Formal təhsil alanların 98 faizi təhsilini Azərbaycanda, 2 faizi isə xaricdə alıb.

Xatırladaq ki, fasiləsiz təhsil əhalinin ömrü boyu aldığı formal, qeyri-formal, eləcə də informal təhsilini əhatə edir. Bu, UNESCO tərəfindən dünyanın bütün dövlətlərində təhsil sahəsində islahatların keçirilməsi üçün əsas meyar kimi qəbul olunub. “Təhsil haqqında” yeni qanununa əsasən, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatır. Qeyri-formal təhsil müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. Özünü təhsil forması yolu ilə biliklərə yiyələnmə isə informal təhsil adlanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar