Dövlət Şurası fəaliyyəti qeyri-qənaətbəxş olan QHT-lərin adlarını açıqladı
16 sentyabr 2009 14:00 (UTC +04:00)

Dövlət Şurası fəaliyyəti qeyri-qənaətbəxş olan QHT-lərin adlarını açıqladı

Azay Quliyev: “İradlarımız, tövsiyələrimiz nəzərə alınmazsa, həmin QHT-lər ən azı 2 il Şuranın müsabiqələrindən kənarda saxlanacaqlar”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası bu gün 2009-cu ildə 2009-cu ildə Şuranın dəstəyi ilə həyata keçirilən layihələrin monitorinqinin 1-ci mərhələsinin yekunları ilə bağlı konfrans keçirdi.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Şuranın sədri Azay Quliyev layihələrin monitorinqinin Şuranın katibliyi, eyni zamanda bu işə cəlb olunmuş 2 QHT - Beynəlxalq Avrasiya Mətbuat Fondu və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi tərəfindən aparıldığını nəzərə çatdırdı.

Monitorinqə ümumilikdə 229 təşkilat cəlb olunub. Ancaq onların müəyyən qismi monitorinqlərin aparılmasına şərait yaratmayıblar. QHT-lərin bir qisminin Şuranın dəstəyi ilə keçirilən layihələrlə bağlı hazırladıqları sənədlərində problemlərə rast gəlinib. Bəzi QHT-lərdə isə işə götürmə ilə bağlı insanlarla müqavilə bağlanmayıblar. Azay Quliyev bildirdi ki, elə sahə var ki, orada fəaliyyət göstərən 20 QHT-nin, elə sahə var ki, 30 QHT-nin fəaliyyəti qeyri-kafi olub.


Şura sədri vurğuladı ki, tədbiri keçirməkdə əsas məqsəd odur ki, vəziyyət QHT-lərin diqqətinə çatdırılsın, eyni zamanda ictimaiyyətin də bu istiqamətdə məlumatlılığı təmin edilsin: “İlin yekununda yekun hesabatımız olacaq. Yekun hesabatda QHT-lərin fəaliyyəti dəyərləndiriləcək. Bu nöqsanlar gələcəkdə də davam edərsə, bizim iradlarımız, tövsiyələrimiz nəzərə alınmazsa, həmin QHT-lərin növbəti müsabiqə raundlarında iştirakı sual altına düşəcək, ən azı 2 il Şuranın müsabiqələrindən kənarda saxlanacaqlar. Bu, həm də bizə Əsasnamə səviyyəsində verilən hüquqdur”.

Azay Quliyev onu da bildirdi ki, elə QHT-lər var ki, layihə hesabına çox keyfiyyətsiz nəşrlər dərc etdiriblər: “Biz onları heç kimə göstərə bilmirik. Görürsən ki, bir nəşrdir, üzərində sponsor qismində 10 təşkilatın loqosu var, sonda Şuranın adı yazılıb. Dövlət qurumuna belə hörmətsizlik olmaz. Həmin nəşrləri Şura qəbul etməyəcək. Ya o nəşrlər yenidən QHT-nin öz hesabına dərc olunacaq, ya da layihə ləğv ediləcək”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu dedi ki, rəhbərlik etdiyi Fondun öncədən 113 təşkilatda monitorinq aparması nəzərdə tutulub.

113 təşkilata Şura tərəfindən layihələrlə bağlı ümumilikdə 894 min manat ayrılıb. Monitorinq 8 rayonda 13 QHT-ni, Sumqayıt və Bakıda 96 QHT-ni əhatə edib. Bu layihələrdə çalışanların 46 faizi qadınlar, 54 faizi kişilər olub.

Sənədləşmənin vəziyyəti QHT-lərin bir qismində qənaətbəxş olmayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondu monitorinqlərin nəticəsi olaraq təklif edir ki, layihə idarəçiliyi ilə bağlı QHT-lərə təlimlər keçirilməsi üçün Şurada təlimçilər qrupu yaradılsın. QHT-lərin mətbuatla əlaqələrinin gücləndirilməsi də zəruri sayılır.

Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov qeyd etdi ki, apardıqları monitorinq zamanı bəzən iki müxtəlif donorun eyni layihəni maliyyələşdirdiyinin şahidi olublar. Bir qism təşkilatların missyiası ilə həyata keçirdikləri fəaliyyət üst-üstə düşmür. Elə təşkilatlar var ki, hazırladıqları nəşrlərin üz səhifələrində belə orfoqrafik və üslb səhvləri var.

Bəzi QHT-lər isə BMT, ATƏT, Avropa Şurası kimi qurumlarla işləyiblər, Şuranın layihəsində də hazırda iştirak edirlər və sənədlər hazırlayırlar: “Ancaq Şura üçün hazırlanan sənədlər, hesabatlar fərqlidir. Bu təşkilatlar bu fərqi nəzərə almayaraq, beynəlxalq təşkilatlara hazırladıqları formada Şuranın dəstək verdiyi layihə üçün sənədlər hazırlayıblar. Bu da düzgün deyil”.

Aylın Kərimov monitorinqlər zamanı regionlarda QHT-lərin hətta Bakıda fəaliyyət göstərən QHT-lərdən də fəal olduqlarını müşahidə etdiklərini dilə gətirdi: “Bakıdakı QHT-lər layihə keçirərkən bir neçə dəfə rayonda tədbir təşkil edirlər. Bu da böyük həcmdə texniki xərclərə gətirib çıxarır. Təklif edərdik ki, gələcəkdə Bakıdakı QHT-lər və regiondakı QHT-lərə birlikdə bir layihə ayrılsın. Bu, əlavə xərclərin də qarşısını alar”.


Şuranın icraçı direktoru Fərasət Qurbanov çıxışında fəaliyyəti qeyri-qənaətbəxş olan, monitorinqin keçirilməsinə şərait yaratmayan, sənədləri qaydasında olmayan QHT-lərin bir qisminin adlarını çəkdi. Bu sırada Azərbaycan Gənclərinin Avroatlantika Mərkəzi, Azərbaycan Qadınlarının Respublika Mərkəzi, Azad İctimai Yardım İctimai Birliyi, Azad Hərəkatçılar İctimai Birliyi, Xərçəng Xəstələrinə Kömək İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, Təkamül və İnteqrasiya İctimai Birliyi, Gənc Liderlərin Təhsil və Təlim Birliyi, Beynəlxalq Diaspora Mərkəzi, Ekoloji Qayğı İctimai Birliyi, Mahmud Kaşqarlı adına Fond, Azəri Yurdu Gənclər Birliyi və digərləri var.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar