Oğuz-Qəbələ suyunun Bakıya verilməsinə başlanılıb
23 dekabr 2010 16:20 (UTC +04:00)

Oğuz-Qəbələ suyunun Bakıya verilməsinə başlanılıb

Yeni inşa olunan Oğuz-Qəbələ-Bakı su kəmərinə buraxılan su Bakıya çatıb

Ötən həftədən etibarən Bakının ətraf kənd və qəsəbələrinə kəmərlə gələn suyun verilməsinə başlanılıb. Hökumətdəki mənbələrdən “APA-ECONOMICS”ə verilən məlumata görə, suyun verilməsi prosesi ilkin olaraq kəmərin testləşdirilməsi məqsədilə aparılıb. Kəmərin rəsmi açılışının isə bu günlərdə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ümumi uzunluğu 252,4 km olan Oğuz-Qəbələ-Bakı su kəməri işə düşəndən sonra paytaxta bu kəmərlə saniyədə 5 kubmetr su daxil olacaq. Bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin rəhbəri Əhməd Məmmədovun sözlərinə görə, kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Bunlar Yasamal, Nəsimi, Nərmanov, Səbail rayonunun əsas hissəsi və Binəqədi rayonun bir hissəsidir. Kəmərlə gələn suyun paytaxtda istifadə olunmayan hissəsi isə Ceyranbatan Su Anbarına ötürüləcək.

Kəmərin işini təmin etmək üçün 7 su anbarı tikilib, paytaxtın 11 məntəqəsində isə məhəllədaxili su nasos stansiyaları quraşdırılıb və istifadəyə tam hazırdır. Bundan əlavə kəmərə hər zaman nəzarət etmək üçün avtomatik nəzarət və idarəetmə sistemi də hazırlanıb. Bu həm də baş verən qəzaları vaxtında aradan qaldırmağa imkan yaradacaq. Sonuncu, yəni Bakı yaxınlığında yerləşən mərkəzdə isə bölüşdürücü kameralar yerləşdirilib ki, bununla da paytaxta daxil olan suyu idarə etmək asanlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1448

Oxşar yazılar