Pərviz Abubəkirov: “Bu, insanın psixikasına pis təsir edir...” - MÜSAHİBƏ
23 dekabr 2010 12:09 (UTC +04:00)

Pərviz Abubəkirov: “Bu, insanın psixikasına pis təsir edir...” - MÜSAHİBƏ

“Saxlanılan şəxs əli qanlı tutulubsa, biz ona ana, qardaş qatili demirik”

Kriminal sahədə araşdırma aparmaq bütün dövrlərdə çətin və məsuliyyətli olub. Azərbaycanda jurnalistikanın bu sahəsində tanınmış simalardan olan Pərviz Abubəkirov Lent.az-a müsahibəsində jurnalistikamızın bu sahəsindəki vəziyyətdən, rastlaşdığı çətinliklərdən, planlarından danışdı...

- Azərbaycanda kriminal sahə ilə bağlı araşdırma jurnalistikası necə inkişaf edib?

- Bu gün Azərbaycanda araşdırma jurnalistikasının bu qolunun səviyyəsi aşağıdır. Ona görə yox ki, jurnalistlər peşəkar deyil. Sadəcə, Azərbaycanda araşdırma aparmaqla bağlı çətinliklər var. Biz yalnız rəsmi məlumatlarla işləməyə məcburuq. Əslində araşdırma jurnalistikasında jurnalist özü də haradansa bir məlumat əldə etməlidir. Ölkəmizdə bu sahədə imkanlar baxımından çətinliklər olduğu üçün Azərbaycanda kriminal mövzuda yazan jurnalistlər yalnız rəsmi orqanlardan alınan məlumatlara istinadən məlumat yaya bilir.
Son zamanlar bizim hazırladığımız verilişlərdə göstərdiyimiz cinayət hadisələrinin çoxu məişət zəminində baş vermiş olaylarla bağlıdır. Məsələn, ər arvadı, arvad əri öldürüb, əmioğlu əmioğlunu öldürüb və s. Ancaq tutaq ki, Rusiyada jurnalistlər hansısa bir rayonda hansısa bir işlə bağlı araşdırma aparır, gizli çəkilişlər aparır və ortaya bir nəticə çıxarırlar.

- Azərbaycanda hüquq-mühafizə, məhkəmə orqanları jurnalistlər üçün nə dərəcədə açıqdırlar, nə dərəcədə araşdırma aparmağa imkan yaradırlar?

- Mən 1999-cu ildə Azərbaycan televiziya məkanında birinci kriminal verilişi yaradanda şərait bugünkündən çox yaxşı idi. O vaxt Bakı Şəhər Məhkəməsinin sədri olan İkram Kərimovun qəbuluna gedərək icazə almışdım və biz bütün məhkəmə proseslərinin çəkilişlərini apara bilirdik. Amma 9 il sonra İkram Kərimovun açdığı qapıları bizim üzümüzə indiki Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri bağladı. Bu gün Azərbaycanda kriminal xəbərlə məşğul olan jurnalistlər məlumatı yalnız polisdən və prokurorluqdan ala bilir.
2010-cu ilin fevral ayından bu günə qədər 1 məhkəmə prosesi çəkilməyib. Məhkəməyə kamera ilə giriş qadağandır.

- Ancaq Azərbaycanda kriminal sahə ilə bağlı hazırlanan materialların özünə münasibətdə də tez-tez cəmiyyətdə narazılıqlar olur. Elə ekspertlər də cinayət törətmiş azyaşlıların, yaxud ölən insanın görüntüsünün telekanallarda efirə verilməsinin düzgün olmadığını bildirirlər.

- Mən 13 il ANS-də veriliş aparmışam, indi də İctimai Televiziyada kriminal xəbərlərə məsulam. Mən heç vaxt yetkinlik yaşına çatmayan insanı, o cümlədən meyiti, qanı yaxından çəkib göstərməyə icazə verməmişəm. Xüsusən intihar hadisələrinin göstərilməsinin həmişə əleyhinə olmuşam. Çünki bu, insanın psixikasına pis təsir edir. Yəni biz kriminal xəbəri verəndə oturub fikirləşməliyik ki, məqsədimiz nədir. Məqsədimiz insanları şoka, vahiməyə salmaq, bununla reytinq qazanmaq uğrunda mübarizə aparmaq olmamalıdır. Məsələn, biz kriminal xəbər hazırlayanda məqsədimiz insanları ayıq-sayıq olmağa çağırmaq olur. Yəni biz insanlara başa salırıq ki, sizin qapınızı döyən, qoltuğunun altında qovluq tutan hər kəs qaz idarəsinin əməkdaşı yox, oğru da ola bilər. İnsanlara baş vermiş hadisəni göstərməklə onların belə hadisələrdən bir balaca sığortalanmasını istəyirik. Məqsəd budursa, o halda meyiti, gözü pırtlayıb çıxan adamı, qanı göstərməyə ehtiyac olmur. Azyaşlını da ona görə göstərmək olmaz ki, 13-14 yaşında cinayət törətmiş insanın yetkinlik yaşına çatmadığı üçün çətin tərbiyə olunanlar üçün nəzərdə tutulmuş məktəbdə oxumaqla, uşaq koloniyasında olmaqla yenidən normal həyata qayıtmaq, düzəlmək ehtimalı var. Milli Televiziya və Radio Şurasının da belə bir qərarı var ki, cinayət törətmiş azyaşlı uşaqların sifətini telekanallar göstərməsinlər. Eyni zamanda zorakılığa məruz qalan uşaqları da göstərmək olmaz.

- Bəs kriminal sahədə araşdırma aparmaq jurnalistin özü üçün təhlükəlidirmi?

- Bu, hansı sahədə çalışmaqdan asılı deyil. Sən siyasi yazı da, kriminal xəbər də yaza bilərsən. Əsas odur ki, sən peşəkar insan kimi tərəflərin arasında balansı saxlayasan. Həm də öz mövqeyini bildirməli deyilsən. Əgər polis deyirsə ki, Məmmədağanın cibindən 1 kiloqram nəşə çıxıb, sən Məmmədağadan da soruşmalısan ki, nəşə çıxıbmı. Məmmədağa ya bunu təsdiq, ya da inkar edəcək. Əgər jurnalist gördüyünü göstərirsə, münasibət bildirmirsə, kiminsə tərəfinə yıxılmırsa, o halda təhlükəlilik dərəcəsi də az olur. Əgər bir tərəfi tərifləyib, o biri tərəfi pisləyirsənsə, əlbəttə, sənə qarşı həmişə bir təhlükə ola bilər. Yox, sən çıxıb hər kəsin dediyini efirə verib, münasibət bildirmirsənsə, hadisə barədə danışırsansa, günahın kimdə olduğunu söyləmirsənsə, problem olmayacaq. Bunu söyləməyə jurnalistin ixtiyarı da yoxdur, çünki hakim deyil ki, hökm çıxarsın. Jurnalist obyektivliyini qoruya bilsə, məncə, heç bir təhlükə olmaz. Hər tərəfə sözünü deməyə imkan yaratmaq lazımdır. Qərar, hökm çıxarmaq üçün məhkəmə, hakimlər var. Hətta polisdə saxlanılan şəxs əli qanlı tutulubsa, deyirsə ki, qardaşımı, anamı mən öldürmüşəm, biz ona ana, qardaş qatili demirik. Sadəcə, ona saxlanılan şəxs deyirik. Demək olmaz, bəlkə əlini qana batırıb, gəlib deyir ki, mən vurmuşam. Hətta ittiham elan olunanda da o, təqsirləndirilən şəxsdir. Ancaq məhkəmə hökm verir və hökm 20 gündən sonra, apelyasiya şikayəti verilməsə, qüvvəyə minir. Biz ondan sonra deyə bilərik ki, filankəs anasının qatilidir, cinayətkar adlandırmaq olar.

- İşlədiyiniz dövrdə hər hansı cinayətin tərəflərin birinin, yaxud onların qohumlarının sizə zəng açması, hədələməsi halları olubmu?

- Olub. Amma hədə məzmununda yox, hazırlanmış materialın efirə verilməməsi istənilib. Çox maraqlı bir hal olub. İnsan əvvəlcə gəlib bizə şikayət edib ki, oğlum filankəs qətlə yetirib, prokurorluq işə düzgün baxmır, xahiş edirik ki, siz araşdırın. Hadisə 2004-cü ildə baş vermişdi. İşi 2008-ci ildə məhkəməyə göndərdilər, 2009-cu ilin sonlarında məhkəmə prosesi qurtardı. 7 il istintaq getmişdi, 8 müstəntiq dəyişmişdi. Biz o hadisə ilə bağlı kəndin camaatını dindirdik, prokurorluq müstəntiqlərini, polisi danışdırdıq. Hər iki ailənin, qatil hesab edilən və zərərçəkmiş hesab edilən ailəni dindirdik. Son nəticədə məlum oldu ki, həmin insanın bu şəxsin oğlunu qətlə yetirməsinin bir sübutu yoxdur. İnsan qatarın altına düşmüşdü, onlar iddia edirdilər ki, filankəs qatarın altına itələyib. Bəlkə də itələyib, deyə bilmərəm, amma onun itələnməsini sübut edən hər hansı bir fakt, sübut yox idi. Məhkəmədə də saxlanılan oğlanı buraxdılar, bəraət verdilər. Baxmayaraq ki, prokurorluq o oğlanı saxlayıb, ondan etirafedici ifadə də almışdı ki, onu mən itələmişəm. Sonradan oğlan məhkəmədə dedi ki, onu bezdirdikləri üçün belə deyib. Oğlanı itələyən zaman gördükləri barədə ifadə vermiş şahidlərin də hamısı məhkəmədə çıxıb dedilər ki, heç nə görməyiblər, sadəcə, prokurorluqda, polisdə təzyiqlə üzləşdikləri üçün belə ifadə veriblər. Oğlana məhkəmə bəraət verdi. Bəraət veriləndən sonra biz “Qatarla gələn faciə” adlı film çəkdik. O filmin anonsunu verəndən sonra əvvəlcə bizdən işin işıqlandırılmasını xahiş edən insan prokurorluq vasitəsilə bizə təzyiq etdi ki, filmi efirə verməyək. Biz onlarla danışmaqdan imtina etdik, mən onlarla görüşə də getmədim. Çünki biz həmin insanın xahişi ilə 5-6 il idi ki, material toplayırdıq, əziyyət çəkmişdik. İndi iş onların xeyrinə həll olunmadığı üçün bunu söyləmək nə dərəcədə düzgündür? Amma son nəticədə o vaxt işlədiyim telekanalın rəhbərliyinə zəng vuruldu və onlar həmin verilişi efirdən çıxardılar. Bu, məndən asılı olan bir şey deyildi. Beləliklə, film işıq üzü görmədi.

- Bəs kriminal sahədə araşdırmaları ilə məşhurlaşan jurnalistə cəmiyyətdə baxış necədir? Məsələn, sizə fərqli baxırlar, yoxsa adi insan kimi yanaşırlar?

- Əgər söhbət iş prosesindən gedirsə, münasibətlər fərqli olur. İndi mən İctimai Televiziyaya yeni gəlmişəm, özümlə 2 nəfər gətirib, o xidməti təzə yaratmışam. Təzə kollektivdir, mənə münasibət müxtəlifdir. Amma bizim istehsal etdiyimiz məhsuldan ümumilikdə rəhbərlik razıdır. Hər halda bizə deyən olmayıb ki, işinizdən narazıyıq. Çünki bu gün bizim istehsal etdiyimiz veriliş İctimai Televiziyanın efirində ən yüksək reytinqli verilişlərdən biridir.
Cəmiyyətin münasibətinə gəlincə, deyim ki, küçədə yaxınlaşıb deyirlər ki, gəl, səninlə şəkil çəkdirək, elə hal da yoxdur. Amma pis söz deyən də yoxdur. Sadəcə, kiminsə yanından keçəndə eşidirəm ki, “bu, filankəsdir” deyir. Hiss edirəm ki, o birisi də arxamca çevrilib baxır. İnsanlarda özümə qarşı hansısa bir aqressiya, pis münasibət hiss etməmişəm.

- Sahənizlə, ümumən jurnalistik ilə bağlı hansı arzularınız var?

- Hər bir Azərbaycan jurnalisti kimi deyərdim ki, jurnalistin işi, məlumat alması üçün daha yaxşı şərait olsa, bizim hazırladığımız verilişlərin keyfiyyəti də yaxşı olar. Əgər mən məhkəmə prosesini çəkə bilmirəmsə, baş vermiş hadisə barədə film hazırlaya bilmirəm. Çünki mənim əlimdə məhkəmədə kimin nə deməsi, danışması barədə çəkiliş olmur. Radiodan, qəzetdən fərqli olaraq televiziyada aparıcı dediyi hər bir sözü təsvirlə təsdiqləməlidir. Mən hadisənin inkişafı barədə danışıramsa, hadisə yerində çəkilişlər aparıb, onları göstərməliyəm. İstintaq barədə danışıramsa, əlimdə istintaqın materialları olmalıdır. Bu gün Allaha şükür ki, istintaq materiallarını bəzən bizə verə bilirlər. O hadisənin istintaq tərəfini danışıb məhkəməyə keçəndə bəzən olur ki, istintaqda baş verən hadisə ilə məhkəmədə danışılan hadisə arasında fərq olur. Yəni ifadələr fərqli olur. Görürsən ki, istintaq zamanı bu sözü deyən adam məhkəmədə çıxıb başqa sözü deyir. Sən məhkəməni çəkəndə artıq əlində tam şəkildə o hadisənin təsviri olur. Sonra da o hadisə iştirakçılarını dindirməklə o hadisə barədə keyfiyyətli veriliş hazırlamaq olur. O verilişdə hər kəs hər tərəfi görür və hadisəni tam təsəvvür edə bilir.
Ona görə də bir qədər yaxşı şərait yaradılsa, jurnalistlərin üzünə o bağlı qapılar açılsa, yaxşı olardı. Düzdü, o qapıların açılmasından hərə bir cür istifadə edir. Bu gün məlumdur ki, reket jurnalistlər də var, bayramqabağı hansısa müəssisəyə zəng vururlar ki, məni müəssisəyə buraxmasanız, sizi pisləyəcəm. İstəyi də o olur ki, çağırıb 5-10 manat pul versinlər. Mən o jurnalistlərdən danışmıram. Mən əsl öz işini sevən, iş görmək istəyən, insanlara keyfiyyətli veriliş göstərmək istəyən jurnalistlərdən danışıram. Yaxşı olardı ki, bizim xəbər sistemində işləyən jurnalistlər üçün hüquq-mühafizə orqanlarından, xüsusən məhkəmədən məlumat almaq üçün şərait yaxşılaşdırılsın.
Ümumilikdə, bütün jurnalistləri götürsək, çox istərdim ki, jurnalistikamızdakı təsadüfi adamları vurğulayam. Həqiqətən də öz işini istəyib, bu sənətə gələnlərin sayı çox olsun. O halda verilişlərin keyfiyyəti də yaxşı olur. Bir arzum da var. Sonuncu dəfə bəzi müstəqil kanalların efirinə baxanda düşünürəm. Adətən, televiziya insanları maarifləndirməli, səviyyəsini yuxarı qaldırmalıdır. Amma təəssüflər olsun ki, bizim telekanallarda gedən bəzi verilişlərə baxanda məndə bir valideyn kimi elə təsəvvür yaranır ki, onlar bizim insanlarımızın səviyyəsini daha da aşağı salırlar. Elə verilişlər göstərməyə üstünlük verirlər ki, o verilişin mövzusu barədə düşünmək, çox ağıl sərf etmək lazım deyil. Bir balaca intellektual verilişlərə də yer vermək lazımdır. Çoxları deyir ki, intellektual verilişlər reytinq vermir. Amma Rusiya telekanallarında gedən “Çto? Qde? Koqda?” və digər verilişlərə baxsaq, görərik ki, onlar yaxşı reytinq də verir və baxılır. Sadəcə, verilişlərin keyfiyyətini düzəltmək və yaxşı verilişlər ortaya qoymaq lazımdır.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar