Dövlət sosial sığortasını ödəməyənləri nə gözləyir?
16 dekabr 2010 12:19 (UTC +04:00)

Dövlət sosial sığortasını ödəməyənləri nə gözləyir?

Hər bir vətəndaş onu işə götürəndən özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. Əks halda həmin şəxslərin sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ olmayacaq.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a deyib ki, qanunvericiliyə görə, məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bura müvafiq qanunvericiliklə müəyyən edilən əmək pensiyaları, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət daxildir.

Elman Babayev bildirib ki, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ var. Onun sözlərinə görə, respublikamızda işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanması əsasında aparılır. Yəni təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Sosial ödənişləri əldə etmək üçün vətəndaşlar işləməyə başlayarkən mütləq "Əmək müqaviləsi" imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

“Əgər vətəndaş əmək fəaliyyəti dövründə bunlara əməl etməyibsə, o, gələcəkdə əmək pensiyası və məcburi dövlət sosial sığortası hesabına ödənilən müavinətləri ala bilməyəcək”- deyə, fond rəsmisi əlavə edib.

Sektor müdiri deyib ki, aparılan maarifləndirmə işləri müsbət nəticələri var və artıq Azərbaycan vətəndaşları sosial sığorta-pensiya sistemində öz rolunu anlayır. Bununla belə, bu gün bir sıra hallarda işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi hallarına hələ də rast gəlinməkdədir: “Belə insanlar özlərinə “sabah pensiya çıxanda necə olacaq?” sualını verməlidirlər və öz gələcək talelərini düşünməlidirlər. Gələcək pensiya və müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması mühüm rol oynayır. İşçilər bu prosesdə fəal iştirak etməlidirlər ki, gələcəkdə onların sosial hüquqları təmin edilmiş olsun”.

Elman Babayev deyib ki, DSMF müvafiq qurumlarla birlikdə məcburi dövlət sosial sığortasını ödəməkdən yayınmaların və digər neqativ halların aradan qaldırılması üçün tədbirləri davam etdirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar