“Yuxumda bir ağız qurd ular keçər...” –
08 dekabr 2010 17:53 (UTC +04:00)

“Yuxumda bir ağız qurd ular keçər...” –

“Gecənin qaranlığında bir-birimizin üzünü görməsək də, təxminən 15 metr məsafədən qurdun parıldayan gözlərini o dəqiqə sezdik. Ovumuz uğurlu alınacaqdı: qarşımıza tam bir qurd ailəsi çıxmışdı. Özü də dörd balası ilə. Onlar da bizi görmüşdülər. Və birdən indiyədək uzun illər ovçu təcrübəmdə rast gəlmədiyim qeyri-adi bir hadisə baş verdi. Erkək qurd dişidən və dörd baladan qabağa keçərək ön pəncələrini yerə dayayıb çömbəlib bizə baxmağa başladı. Dördümüz də donub qalmışdıq. Artıq qurdun vahiməli baxışları altında ana qurd və balaları yadımızdan çıxmışdı. Ancaq görünür, yoldaşlarımdan kimsə tam özünü itirməyibmiş. Atəş açılması ilə erkək qurdun bizə tərəf şığımağı bir oldu. Tüfənglərin dördü də birdən açıldı. Düz ayaqlarımızın altına yıxıldı. Çox maraqlı idi, bizə tərəf yox, başını geriyə döndərib meşənin zülmət qaranlığında yoxa çıxan ailəsinin yoluna baxırdı. Hər şey mənə aydın olmuşdu – bu qurd dörd balasını və dişi tayını, yəni, ailəsini xilas eləmək üçün özünü qurban vermişdi. Sonralar mən bu hadisə barədə mütəxəssislərdən soruşdum. Professor dostum dedi ki, əgər onların yanında balaları olmasaydı, dişi qurd heç vaxt erkəyini tək qoymazdı: “Onlar sizinlə son nəfəsə qədər döyüşərdilər. Kiçik balaların olması ucbatından qurdlar məhz bu yolu seçib: erkək döyüşə yollanıb, dişi isə balalarını ölümə verməmək üçün ordan uzaqlaşıb...”.

İlk baxışdan inanmağa çətinlik çəkirsən, ancaq bu yazılanlar bir şair və yazar təxəyyülünün məhsulu deyil. Qurdlar həqiqətən belədirlər: sədaqətli, cəsur və ölümün gözünə dik baxacaq qədər məğrur. Artıq məlumdur, qurdlardan danışacağıq. O qurdlar ki, adları müxtəlif xalqların mifologiyasında, folklorunda, deyimlərində yer alıb.

Romalıların süd anası, türklərin yol göstərəni

Qədim Roma müəllifləri şəhərin qurucuları kimi Rem və Romul qardaşlarının adlarını çəkirlər. Əfsanəyə görə, zalım dayının əmri ilə meşəyə atılan qardaşları dişi bir canavar tapır və onlara süd verərək bəsləyir. Sonra tifilləri bir çoban tərbiyə edib boya-başa çatdırır. Daha sonrakı hadisələrdən danışmayacağıq. Əsası odur ki, dişi canavar öz işini görür.

Qurdla bağlı bu cür əfsanələr digər xalqların mifologiya və folklorunda da var. Məsələn, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər. Ümumiyyətlə, əgər Avrasiyada qurd daha çox yol göstərən, döyüş tanrısı kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər.

Qurdlarla bağlı Hans Bidermanın məşhur “Simvollar ensiklopediyası”nda xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurd başlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib. Türklər isə qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar.

Türklərin Ərgənəkon dastanına görə, hiyləylə rastlaşaraq düşmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorunmaq üçün dağların arasında tək adamın zorla keçəcəyi yolla özlərinə kiçik yurd seçib, illərlə burada yaşayırlar. Bu məkana Ərgənəkon adı verən türklər düz dörd yüz il sonra həm özləri, həm də sürüləri o qədər çoxaldı ki, yurda sığmaz oldular. Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları zaman bir dəmirçi dedi: «Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik». Beləcə, dağın geniş yerinə bir qat odun bir qat kömür qoyub od vurdular. Dəmir dağ əridi, türklər Ərgənəkondan çıxdılar və Bozqurdun onlara göstərdiyi yolla qurtuldular.


Əksər kişilərə örnək ola biləcək bir həyat

Onların baxışlarından “heyvanlığa” xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. “Mərdlik” sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.

Qurdlar yaz başları cütləşirlər. Balalar cütləşmədən iki ay sonra dünyaya gəlir. Bala dünyaya gələnə qədərsə erkək qurd dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək yerin altında bir yuva düzəldir və heç yorulmadan yuvanı və yuvaya gedən lağımı qazmağa başlayır. Lağımın uzunluğu adətən 9 metr olur. İşini başa çatdırdıqdan sonra isə hamilə yoldaşını yeraltı yoldan keçirərək yeni “ev”inə aparır. Burda onu hər cür təhlükədən mühafizə edərək 2 ay müddətində dişisinə qulluq edir. Erkək qurd gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan dişisinə gətirir. Beləcə, 2 ayın tamamında bala dünyaya gəlir. Daha doğrusu, balalar. Çünki qurdların bir dəfəyə 4-dən 10-a qədər balası olur. Balalar doğulduğu zaman gözləri görmür. Çəkik, mavi gözlər qurd balası doğulduqdan doqquz gün sonra gün işığını görməyə başlayır. Başlanğıcda balalarını ana südü ilə qidalandıran ana, iki həftə sonra onları süddən kəsir. Bundan sonra isə qəribə bir qidalanma taktikası başlayır. Balaların dişləri çıxmadığından, həmçinin mədələri möhkəm qidaya hazır olmadığından ana qurd mədəsindəki yarı həzm olunmuş qidaları qusaraq balalarını bununla doyuzdurur. Bir müddət sonra isə onlara erkəyi ilə bərabər yedikləri yeməkdən verməyə başlayır. Balalar 3 həftəlik olduqları zaman ana və ata birlikdə balaları yuvadan çölə çıxarır və onlara bundan sonra gündəlik həyata qatılaraq ovlamağı, başlarının çarəsinə baxmağı öyrədirlər.

Qurdlarda balası olan qurd ailəsinə çox qəribə bir diqqət olur. Məsələn, balaları olan erkək qurd bir gün ov tapa bilməmişsə, o günü ətrafdakı qohum qurdlar öz ovlarından həmin ailəyə pay aparırlar.

Qurdların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman erkək qurd bir təpənin başında oturaraq keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə ilk öncə kəsik-kəsik hürərək ailəsinə xəbər edir, daha sonra ucadan ulayaraq düşməni uzaqlaşdırmağı bacarır.

Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edərlər.
İnkişafa qaldıqda isə dişi qurdlar erkəklərə nisbətən daha tez böyüyürlər. Erkək üç yaşından əvvəl yetkin sayılmasa da, iki yaşındakı dişi artıq bala doğmağa hazır olur. On, on iki yaşına çatmış qurd qocalmağa başlayır və qurdların ən uzun ömürlüsü 20 yaşına qədər yaşayır.

Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansı bir səbəbdən öldüyü zaman isə erkək qurd dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edərlər. Məsələn, ananın etdiyi kimi balalarını yedirər, balalar yatarkən onları qarnının altında alaraq qucaqlayar, bərabər gəzməyə çıxar...

Sevimli bozqurdlar

Qurdların qidalanmaları haqqında çox deyilib, çox yazılıb. Ac qurdun qarnını palçıqla doldurduğunu, qurdların ay bədirlənəndə kökəlib, hilallaşanda zəiflədiklərini, qıtlıq zamanlarında ön ayaqlarının pəncəsini əmməklə həyatda qaldıqlarını, yaxud insanlara hücum etdiklərini və ovlarının qanını sorduqlarını bəlkə siz də eşitmisiniz. Əslindəsə, bu deyilənlərin heç birinin həqiqətlə əlaqəsi yoxdur. Qurdların bir növü olan bozqurdlar isə başqa aləmdirlər. Bozqurdlar, ümumiyyətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ “qururlar” və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.
Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar. Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır...

Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var - ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bozqurdların daha bir maraqlı xüsusiyyətləri var - yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur...

“Qurdların yerini insanlar zəbt edir!”

Barəsində danışdığımız heyvanlar Azərbaycanda da çox geniş yayılıb. Qurdları bizdə əsasən canavar adlandırırlar. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə Azərbaycanda canavarların sayı 9088, 2006-cı ildə 12 min, 2008-ci ildə 14 min, 2010-cu ilin yekunlarına görəsə, 15 mindir. Deməli, son 9 il ərzində Azərbaycanda canavarlar 6 min başadək artıb və hətta canavarla itin arasında hibridləşdirmə faktları bəllidir. Son illərdəsə Azərbaycanın bir sıra rayonlarında canavar sürülərinin insanlara hücum etməsiylə bağlı faktlara da rast gəlinir. Bu kimi hallar Xaçmaz, Sabirabad, Zaqatala, Göyçay, Balakən, Ağdam, Qazax rayonlarının ərazisində daha çox qeydə alınıb. Bunun səbəbi respublikamızın Avropanın Vəhşi Təbiətinin və Ətraf Mühitin Mühafizəsi üzrə «Bern» Konvensiyasına qoşulandan sonra canavar ovuna qadağa qoyulmasıdır. Belə ki, bu konvensiyaya Avropada mühafizə edilən heyvanların siyahısında canavarın da adı salınıb. Respublika Ovçular Cəmiyyətinin üzvləri isə canavarların vəhşi təbiətdə getdikcə çoxalmasını yaxşı hal hesab etməyərək, qurd ovunu müəyyən limitdə mümkün hesab edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hesab edir ki, Azərbaycan Avropanın bir hissəsi olduğundan “Bern» Konvensiyasının qadağasına riayət etməlidir. Yəni canavar ovu qadağası qüvvədə qalmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloyi Müxtəlifliyin qorunması departamentinin direktor müavini Hikmət Əlizadə mətbuata verdiyi açıqlamada bildirib ki, “Bern konvesiyasının şərtlərinə görə canavarı oalamaq yasaqdır. Hikmət müəllim türklərin qurda dos dediyini də öatırlayıb: “Türklər dosta “qurd” deyə müraciət edərdilər. Bu heyvan həmçinin təbiətdə sanitar rolu oynayır. Onlar xəstə heyvanları yeyərək təbiətin təmizlənməsinə xidmət edirlər”.
H.Əlizadə deyir ki, bəzi hallarda vəhşi heyvanların hucum etməsinin səbəbkarı elə insanların özləri olur: “Məsələn, bu yaxınlarda Qubanın kəndlərinin birinə canavarların hücum etməsi ilə bağlı məlumat aldıq. Aparılan araşdırmadan sonra məlum oldu ki, kəndlilər özləri “bufer” deyilən ərazidə məskunlaşaraq heyvanların təbii areallarını zəbt edirlər. Bu cür yerlərdə aparılan tikintilər isə onları təhlükə ilə üz-üzə qoyur".

Aysel Əliyeva
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3983

Oxşar yazılar