Hindistanda neyrocərrahlar beyin şişindən əziyyət çəkən qadın üzərində qeyri-adi əməliyyat həyata keçiriblər. Pasiyent əməliyyat zamanı anesteziya verilmədən sevdiyi aktyorun filminə baxıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kotesvaramma adlı qadın uzun müddət beyinindəki şiş səbəbindən müxtəlif narahatlıqlardan əziyyət çəkib.
Şiş beynin nitq və hərəkət funksiyalarını idarə edən hissələrinin yaxınlığında yerləşdiyi üçün həkimlər əməliyyatı pasiyenti ayıq vəziyyətdə saxlamaqla həyata keçirmək qərarına gəliblər. Əməliyyata başlamazdan əvvəl tibb heyəti qadından sevdiyi filmi izləməsini xahiş edib. Kotesvaramma öz kumiri olan aktyor və eyni zamanda ştatın vitse-premyeri vəzifəsini daşıyan Pavan Kalyanın baş rolda oynadığı “OG” filmini seçib.
Cərrahlar şişi çıxardıqları müddətdə qadın filmi izləyib və eyni zamanda həkimlərlə söhbət edib. Neyrocərrahın sözlərinə görə, pasiyentin sevdiyi aktyorun filmini izləməsi onun sakit qalmasına və stress keçirməməsinə kömək edib.
Əməliyyat zamanı qadının danışması həkimlərə beynin fəaliyyətini fasiləsiz izləməyə imkan verib. Bu üsul sayəsində nitq və hərəkət funksiyalarına cavabdeh olan vacib nahiyələrin zədələnməsi riski minimuma endirilib.
Həkimlər bildiriblər ki, əməliyyat uğurla başa çatıb və heç bir ağırlaşma qeydə alınmayıb.