Azərbaycanda əhalinin siyahıya alınması başa çatıb
22 aprel 2009 18:30 (UTC +04:00)

Azərbaycanda əhalinin siyahıya alınması başa çatıb

Bu gün Azərbaycanda Dövlət Statistika Komitəsi (DSK) tərəfindən həyata keçirilən əhalinin siyahıya alınması prosesi başa çatır.

Bu barədə «APA-ECONOMICS»ə DSK-dan məlumat verilib.

Aprelin 13-də start götürən siyahıyaalma zamanı əhalidən müvafiq məlumatların toplanmasını 24 min nəfərdən ibarət xüsusi təlimdən keçən işçilər aparıb. Eyni zamanda, bu məqsədlə ölkə üzrə xüsusi sayıcı məntəqələri açılıb və orta hesabla hər məntəqə 17-18 min nəfərin siyahıya alınmasını təşkil edib. Maraqlıdır ki, Azərbaycanda yaşayan xarici vətəndaşlar da müvafiq səfirlik və konsulluqların köməyi ilə siyahıya alınıb.

Qeyd edək ki, siyahıyaalma anketləri mayın ikinci yarısından başlayaraq DSK-nın Mərkəzi Aparatında toplanacaq və anketlərdə əksini tapan sualların cavabları 200 nəfər işçi tərəfindən elektron formatda olan xüsusi məlumat bazası şəklinə salınacaq. DSK-nın ehtimallarına görə, əhalinin siyahıya alınması zamanı toplanan məlumatlar üzrə hesabat 2010-cu ildə tam hazır olacaq.

Xatırladaq ki, Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir və sonuncu dəfə 1999-cu ildə təşkil edilib. Siyahıyaalmanın keçirilməsində əsas məqsəd cari uçot məlumatlarının dəqiqləşdirilməsidir. Prosesin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən 8 mln. manat vəsait ayrılıb.

DSK-nın hesabatlarına əsasən, 2009-cu ilin mart ayının 1-nə Azərbaycan əhalisinin sayı 8,753 mln. nəfər olub.
# 2021

Oxşar yazılar