“Məni o kişinin ayağının altında dəfn edin!...” – HƏYAT HEKAYƏSİ
01 sentyabr 2010 17:08 (UTC +04:00)

“Məni o kişinin ayağının altında dəfn edin!...” – HƏYAT HEKAYƏSİ

Bu gün Azərbaycanın məşhur mesenatı Hacı Zeynalabdin Tağıyevin ölümünün 86-cı ildönümüdür. O, 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. Rusiya işğalı altında olan Azərbaycanda artıq varlı insanlara radikal, düşmən münasibətİ ilə seçilən kommunist rejiminin mövcudluğuna baxmayaraq, bu insanın dəfninə Bakı və ətraf kəndlərdən çox böyük izdiham toplaşıb. Hətta Nəriman Nərimanovun köməkliyi ilə Azərbaycanda “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edilir.

Bəs Hacı Zeynalabdin Tağıyevə belə sayğı və hörmətlə yanaşılmasının səbəbi nə idi?

Başmaqçı ailəsindən başlayan həyat

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş olur. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayan Zeynalabdin artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Bu sahələrdə də uğur qazanır, dükanlara və manufakturaya sahib olur. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət kerosin zavodu vardı. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq “Q. Z. A. Taqiev” şirkətini yaradır.

19-cu əsrin əvvəllərində Bakı əsl neft səltənətinə çevrilir. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılır. Bu Hacı Zeynalabdin Tağıyevi də maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlayarkən onun riskli olduğunu da bilir. Çünki adamlar vardı ki, ətək-ətək pul töküb, quyu qazdırır, lakin quyu neft vermir. Beləliklə, 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və işçilər tutur, buruq qurdurub başlayır quyu qazdırmağa. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümidlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır, tək-tənha məşəqqətə dözür.

İntizarın sonu

Nəhayət, quyu gözlənilmədən fontan vurur və o, milyonçu olur. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy Politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri olur. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb. Bu bina hazırda Azərbaycan Tarixi Muzeyi kimi istifadə olunur.
Hacı Zeynalabdin Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi, Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri olub. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı. İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlməyə ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərir. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk (indiki Mahaç-Qala) daxil olmaqla, uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salır, Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürür.

Böyük mesenat və maarifçi

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə çarə qıl. O da o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Fizuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, dustaqlar Nargin adasında saxlanır, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər, həm də əziyyət çəkirlər; mümkünsə, bu işdə onlara kömək etsin. Hacı tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırıb, orda dəyirman tikdirir.
1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Cənubi Qafqazda yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSRİ Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qız məktəbin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyil. 1905-ci il inqilabından sonra hökumətin Oktyabr Bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb olur. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranır, qəzet və jurnallar çap edilməyə başlayır. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Bu işdə o, bir növ təşkilatçı rolunu oynayır. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Hacının şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa, “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olub.

101 yaşda başa çatan ömür

Hacı Zeynalabdin iki dəfə evlənib. Birinci arvadı öz əmisi qızı Zeynəb xanımdır və Zeynəb xanımdan onun iki oğlu, bir qızı olub. Oğlanları adı İsmayıl, Sadıq, qızının adı Xanım olub. İkinci arvadı məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanımdır. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənib və onunla evlənib. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olub. Qızlarının adı Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə gedib), Sara və Sürəyya, oğlanlarının adı Məhəmməd və İlyas olub. Məhəmməd “Dikaya diviziya”nın zabiti olarkən özünü öldürüb, İlyas isə xəstəliyə tutularaq həyatını itirib.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir və bu bağ evində də dünyadan köçür...
Hacı Zeynalbin Tağıyevin dəfni ilə bağlı da maraqlı bir məqam var. Deyilənə görə, bir gün Axund Hacı Turab Hacı üçün “Quran”, daha doğrusu, Yasin surəsini oxuyub tərcümə edirmiş. 82-ci ayəyə, yəni “Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar” sözlərinə çatanda, Hacı soruşur, yəni mənim bu qədər var-dövlətim var, Allah istəsə, bir anın içində əlimdən alar? Axund cavab verir ki, “bəli!” Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.
Bu barədə başqa bir rəvayət belədir ki, Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir ki, təşəkkür edir, nəyi varsa, onunla kifayətlənir, verdiklərinə görə də ilahiyə minnətdardır, hər şey - varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.
Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir ki, onu Axund Hacı Turabın ayağı altında dəfn etsinlər...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1829

Oxşar yazılar