Dünyanın  ən uzun çayının  üzərində körpü   yoxdur - İki səbəbə görə
10 iyun 2026 11:04 (UTC +04:00)

Dünyanın ən uzun çayının üzərində körpü yoxdur - İki səbəbə görə

0

Dünyanın ən uzun çayı hesab olunan Amazon çayı Peru, Kolumbiya və Braziliya ərazisindən keçərək ən azı 6400 kilometr boyunca uzanır. Maraqlıdır ki, bu nəhəng çayın üzərində indiyədək heç bir körpü tikilməyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi ehtiyacın az olmasıdır.

Sürix Federal Texnologiya İnstitutunun əməkdaşı Valter Kaufmann bildirib ki, Amazon hövzəsinin böyük hissəsi seyrək məskunlaşıb və bölgədə infrastruktur zəif inkişaf edib. Bir çox ərazilərdə avtomobil yolları ümumiyyətlə mövcud deyil.

Buna nümunə kimi Braziliyanın Macapa şəhəri göstərilir. Yüz minlərlə insanın yaşadığı bu şəhərə ölkənin digər bölgələrindən avtomobil yolu ilə getmək mümkün deyil. Əsas nəqliyyat marşrutu məhz çayın özüdür.

Körpü tikintisinin qarşısını alan digər əsas səbəb isə mühəndislik baxımından yaranan çətinliklərdir. Yağış mövsümündə Amazon çayında suyun səviyyəsi 9 metrədək yüksələ bilir. Çayın eni isə bəzi yerlərdə bir neçə kilometr, bəzi ərazilərdə isə onlarla kilometrə çatır.

Bundan əlavə, çay boyunca matupa adlandırılan, bitkilərlə örtülmüş nəhəng üzən adacıqlar hərəkət edir. Bu təbii kütlələr mümkün körpü konstruksiyaları üçün ciddi təhlükə yaradır.

Mütəxəssislər bildirirlər ki, tropik meşə şəraiti də tikinti işlərini xeyli çətinləşdirir. Yumşaq və qeyri-sabit torpaq, sıx meşə örtüyü və intensiv yağışlar insan tərəfindən yaradılan konstruksiyaların uzunömürlü olmasına mane olur.

Bununla belə, Amazonun əsas qolunda körpü olmasa da, onun ən böyük sol qolu olan Rio Negro üzərində körpü mövcuddur. Jurnalist Fiilippe Daou adına tikilən körpü Manaus şəhəri yaxınlığında yerləşir.

Ekoloqların fikrincə, Amazon üzərində körpü və yeni yolların salınması region üçün ciddi ekoloji təhlükələr yarada bilər. Araşdırmalara əsasən, bölgədə meşələrin qırılmasının 95 faizi yolların yaxınlığında baş verir. Çünki yollar ağac kəsimi və sənaye fəaliyyətləri üçün əlçatanlığı artırır.

Bu səbəbdən bir çox alim və təbiət müdafiəçisi hesab edir ki, Amazon çayı hələ uzun illər körpüsüz qala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar