Demək olar ki, hər kəs yeni ayaqqabı, çanta və ya elektronika məhsulu aldıqda qutunun içində üzərində “Do not eat” (“Yeməyin”) yazılmış kiçik paketlər görüb. Əksəriyyət onların əhəmiyyətini düşünmədən dərhal zibilə atır.
Halbuki bu paketlər məhsulun qorunmasında mühüm rol oynayır. Söhbət silikageldən gedir – əşyaların saxlanılması və daşınması zamanı vacib funksiyanı yerinə yetirən xüsusi nəmlikuducudan.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, silikagel silisium dioksid əsasında hazırlanmış məsaməli materialdır və havadakı rütubəti udmaq qabiliyyətinə malikdir. Adında “gel” sözü olsa da, adi gel deyil. O, su buxarını özünə çəkən sərt qranullardan ibarətdir və bir növ “süngər” kimi fəaliyyət göstərir.
Onun əsas xüsusiyyəti adsorbsiya prosesidir. Yəni su molekulları qranulların səthində tutulur və saxlanılır. Bunun sayəsində qablaşdırmanın daxilində quru mühit qorunur.
Silikagel niyə qablaşdırmaya qoyulur?
Silikagelin istifadəsinin əsas məqsədi məhsulları nəmdən qorumaqdır. Daşınma zamanı mallar uzun yol qət edir, müxtəlif anbarlarda saxlanılır və temperatur dəyişikliklərinə məruz qalır. Belə şəraitdə qablaşdırmanın daxilində kondensat əmələ gələ bilər.
Silikagel bu problemin qarşısını alaraq aşağıdakıları qoruyur:
• ayaqqabıları kifdən və xoşagəlməz qoxudan;
• dəri məmulatlarını deformasiyadan;
• elektron cihazları korroziya və qısaqapanmadan;
• tekstil məhsullarını nəmlənmə və xarab olmaqdan.
Niyə onu dərhal atmaq lazım deyil?
Bir çox insan bilmir ki, silikagel paketlərindən təkrar istifadə etmək mümkündür. Onlar aşağıdakı hallarda faydalı ola bilər:
• ayaqqabıların şkafda saxlanılması zamanı;
• sənədlərin nəmdən qorunmasında;
• otoaparat və digər texniki cihazların saxlanılmasında;
• mövsümi geyimlərin yerləşdirildiyi qutularda.
Sadəcə bir neçə paketi qapalı məkana yerləşdirmək kifayətdir ki, həmin yerdə rütubət səviyyəsi azalsın.