Böyük Britaniyada gənc qadın ətdən tamamilə imtina etdiyi üçün ölüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 21 yaşlı tələbə Corcina Ouen kəskin psixoz vəziyyəti ilə əlaqədar intihar edib.
Corcina 2016-cı ildə qlobal istiləşmə və ekoloji problemlərlə bağlı dərin narahatlıqları səbəbindən heyvan mənşəli bütün qidalardan imtina edib. Yaxınlarının sözlərinə görə, o, həyatsevər və enerjili bir gənc idi. Lakin 2019-cu ilin sentyabrında tələbə qəfil şəkildə həyatına son qoyub. Bu hadisə onun yaxınlarının Corcinanın veqanlar üçün vacib hesab olunan B12 vitamini əlavələrini qəbul etməyi dayandırdığını fərq etməsindən cəmi bir ay sonra baş verib.
Mütəxəssislər bildirirlər ki, B12 vitamini qan yaranması, DNT sintezi və sinir sisteminin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Bu vitamin əsasən ət, yumurta, süd məhsulları və dəniz məhsullarında təbii şəkildə mövcuddur. Buna görə də veqan qidalanmasına üstünlük verən şəxslərin onu əlavə vasitələrlə qəbul etməsi tövsiyə olunur. B12 çatışmazlığı adətən anemiya, xroniki yorğunluq və koordinasiya problemlərinə səbəb olsa da, ən təhlükəli nəticələrindən biri psixi sağlamlığa ciddi təsir göstərməsi hesab edilir.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Corcina vəziyyəti düzəltmək məqsədilə internet üzərindən Kanadadan xüsusi vitamin spreyi sifariş edib. Lakin ölümündən sonra aparılan ekspertiza və qan analizləri onun orqanizmində B12 səviyyəsinin kritik dərəcədə aşağı olaraq qaldığını göstərib. Tələbənin son həftələrdə davranışlarının qeyri-sabit olduğu, şəxsi gündəliklərində isə psixi vəziyyətinin sürətlə pisləşdiyi qeyd olunub.
İşi araşdıran Elizabet Qrey bildirib ki, faciədən əvvəl Corcina bəşəriyyətin gələcəyi və həyatının mənası barədə qaranlıq düşüncələrə qapılıb. O, meditasiya ilə maraqlanmağa başlayıb və ailəsinə yaşadığını dediyi, onu ciddi şəkildə narahat edən bədəndənkənar təcrübə barədə danışıb.
Valideynləri qızlarına psixoloji dəstək göstərməyə çalışır, onu universitetə qayıtmağa hazırlayırdı. Corcina isə hətta həftəsonu sörfinqlə məşğul olmağı planlaşdırırdı. Lakin sentyabrın 19-da o, otağında boğulma vəziyyətində tapılıb. Həkimlər reanimasiya tədbirləri nəticəsində ürək fəaliyyətini bərpa etsələr də, gənc qadın iki gün sonra xəstəxanada vəfat edib.
Araşdırma çərçivəsində üç müstəqil tibbi ekspert vitamin çatışmazlığının Corcinanın koqnitiv funksiyalarına təsirini ətraflı təhlil edib. Mütəxəssislər intihardan əvvəl onda ciddi psixozun inkişaf etdiyini təsdiqləyiblər. Tələbədə narahatlıq, orientasiya pozğunluğu, gündəlik qərarlar qəbul etməkdə çətinlik və davamlı yorğunluq müşahidə olunub ki, bu da sonradan ağır sayıqlama vəziyyətlərinə gətirib çıxarıb.