Yuliyanı sevmək
Kiyevdə beynəlxalq hava limanından iç xətlər terminalına keçən təki gözüm bir soydaşımıza sataşdı. Boynu xəzli gödəkcə, cins şalvar, jelələnmiş saçlar onun azərbaycanlı olmağını gizləyə bilmirdi. Narazı, nadan və özündən razı baxışları ilə cavan oğlan Azərbaycandan öz həmkəndlilərinə və həmyaşıdlarına “hava ataraq” qayıtdığını sərgiləyirdi. Di gəl, deyəsən, ona məndən başqa fikir verən heç yox idi. Hətta Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Gənclər siyasətinin inkişafında gənclərin rolu” adlı seminara qatılmaq üçün Donetskə birgə getdiyimiz QHT sədri Vüsal Quliyevin də diqqətini cəlb etməmişdi. Heç bir hökumətin gənclər siyasəti, heç bir beynəlxalq qurumun təlimi, heç bir ictimai təşkilatın layihəsi onun aurasını dəyişə bilməzdi. O, yeriyən bədii obraz idi. Gələcək qəhrəmanlarımdan biri ilə üzbəüz dayanmışdım. Onun psixoloji portretini çizdikcə için-için bir az sevinirdim də. Amma ən yaxşısı özü ilə tanış olmaq, imkan düşsə, şəklini çəkmək idi. Daşdəmir - artıq onun bədii mətndəki adını qoymuşdum - Şəmkirdən idi. Krımda meyvə satırdı. “Xaxolların dili”ni “çisti” bilirdi. Meyvə alan qızlardan xoşuna gələn olanda, satışı qəsdən gecikdirir, onunla ünsiyyət qururmuş. Dediyinə görə, “xaxolca” danışığı qızlara o qədər şirin gəlirmiş ki, ona həmişə gülə-gülə qulaq asırmışlar. İntəhası, seksual partnyor kimi gənc qızları deyil, yaşlı qadınları tərcih edirmiş. Həyatında həddən artıq çox qadın varmış. Gəldiyim qənaətə görə, Daşdəmir onları dəyişməz üsulla tovlayırmış - gündüz satdığı meyvənin pulunu almır, axşam restorana dəvət edirmiş. Restoranda bədxərclik eləməzmiş, uzaqbaşı iki bakal çaxır içərmiş yeni məşuqəsi ilə. Ondan sonra... Ondan sonrasını yazmıram. Çünki jurnalist olduğumu bilən Daşdəmir and içdi ki, onun haqqında pis bir şey yazsam, gələn yay Bakıya gələndə məni axtarıb tapacaq.
***
“Gör, bu nə istəyir” - Donetskinin mərkəzi bazarında krossvord həll edə-edə müştərilərə göz qoyan həmyerlimiz ortağına məni işarə edir. Özümü anlamazlığa vurub qiymətlərlə maraqlanıram. “Deyəsən, nemesdir” - öz aralarında milliyyətimi müəyyənləşdirməyə çalışırlar. “Berlindən təzə gəlmişəm” deyə zarafat edirəm. Gülürlər. Məlum olur ki, bazarda alver edən azərbaycanlıların hamısı Zərdabın Məmmədqasımlı kəndindəndir. Bir neçə gün sonra aldığım şalvarın balağını kəsdirmək üçün atelyeyə gedəndə Azərbaycandan olduğumu biləndən sonra dərzi İvana Korotkova burnuna tərəf enmiş eynəyinin üstündən düz gözümün içinə baxaraq mənə bu sualı verəcəkdi: “SƏN DƏ MƏMMƏDQASIMLI KƏNDİNDƏNSƏN?” Bir təhər İvana Korotkovanı inandırıram ki, mən nə Məmmədqasımlı kəndindənəm, nə də Donetskə meyvə satmağa gəlmişəm. Onun emalatxanasından uzaqlaşandan sonra isə vaxtilə Sabunçuda yaşamış bir rus qadına rast gəlirəm. Sözün açığı, rusdan daha çox erməniyə oxşayır. Pal-paltar satır. Və heç soruşmadığım halda qonşu köşkdəki ahıl kişinin erməni olduğunu ovcuma qoyur. Ermənistanın Ararat rayonundan olan Hambarsum Donetskdə çoxlu azərbaycanlı dostlarının olması ilə öyünür. “Sizinkilər yedirdir, bizimkilər geyindirir”, - deyə qılıqlanır və hiss olunur ki, yaxasını məndən mümkün qədər tez qurtarmaq istəyir. Əlbəttə, “yedirtmək” və “geyindirmək” məsələsində istisnalarla da qarşılaşıram. Bazarın tən ortasında yuxa və paxlava satan Kirovakan axçisinə rast gəlirəm. Adının Azur olduğunu söyləyən yaşlı erməni şəklini çəkməyimə bir şərtlə razılıq verir ki, pisliyinə yazmayam. Şəhərin mərkəzində yerləşən “Azərbaycan mətbəxi” isə artıq fəaliyyətini dayandırır. Dayısına məxsus işləməyən kafeyə qarovul çəkən oğuzlu Vüsalın dediyinə görə, obyektin saunaya çevrilməsinə qərar veriblər. Vüsal tez-tez məndən Anadolu türkü olub-olmadığımı soruşur. Onun bu sualı niyə verdiyini türklərin “Şaxtyor”a tikdiyi yeni stadiona çatanda anlayıram - sən demə, oğuzlu balası məni saqqalıma görə azərbaycanlı saymırmış.
***
“Şaxtyor”un şəhərində “Liverpul” restoranında bir dünya gözəlinə Murad Adcının “Qıpçaq çölünün yovşanı” əsərindən danışıram. Adı Yuliyadır. Hüquqşünasdır, ədliyyədə çalışır. Svyatoqorsk meşəliklərindəki “Şervud” kompleksində bir həftə boyunca ingiliscə qırıldatdıqdan sonra rusca sözləri tapmağa ikiqat çətinlik çəkirəm. “Şervud”da çəkdiyim şəkilləri göstərmək istəyəndə ehtiyatsızlıq edib şampan qədəhini aşırdıram. Ofisiantı çağırmağı məsləhət bilmir, salfetlə masanı silə-silə atasının tatar mənşəli olmasından danışır. Şəkillərə baxan zaman “Müqəddəs dağların” ətəyindəki Tatyanovka kəndinin və kəndin yaxınlığındakı əzəmətli kilsənin qədimliyindən söz açır. Söhbət uzanıb knyaz Qriqori Aleksandiroviç Potyomkinin-Tavriçeskinin üstünə gəlir. Ona 1787-1792-ci illərdəki rus-türk müharibəsinin əsas sərkərdələrindən olan knyaz Potyomkinin dabbaqdakı dərisini təsvir edirəm. Ertəsi gün mənim azərbaycanlı olub-olmadığımı dəqiqləşdirir və günahkarcasına bu sual ətrafında çox düşündüyünü etiraf edir. Yuliya mənim azərbaycanlı olmağıma şübhə etdiyi gün mənim qafamda məşhur türk jurnalisti Reha Muxtarın illər öncə köşəsinə qoyduğu bir başlıq dolaşırdı: “Rus qızını sevmək”. Reha Muxtar türk kişisinin niyə rus qızlarına meylli olduğunu, ancaq onu sevə bilmədiyindən bəhs etmişdi. Təxminən belə yazmışdı ki, türk kişi rus qızın arxasına əylənmək üçün düşər, Anadoluda qadın kişini həyatdan bezdirmək üçündür. Həmin məqaləni yadıma Yuliyanın “rus qadını üçün ilk vəzifə öz kişisini şənləndirməkdir” sözləri salmışdı.
***
Yuliya məni siz deyən qədər şənləndirmədi. Çünki onun təsəvvüründəki Azərbaycan kişisinin sırtıq, şorgöz və yalançı imicini iki günə dəyişmək mümkünsüz idi. Ona münasibətdə sonsuz nəzakət və cizgiləri keçməmək lazım gəlirdi. Oğlanı yox idi. Bütün ağıllı qadınlar kimi Yuliyanın da özünə layiqli yoldaş tapa bilməsi müşküldü. Yuliya öz həyatını kodeksləri olan kişiylə paylaşmaq istəyirdi və dediyinə görə, beləsinə Donetskdə heç vaxt rast gəlməmişdi. Vətəndaş nikahı ilə altı-yeddi il birgə yaşadığı oğlan dostu onun nəzərində əsl kişiyə çevrilə bilməmişdi. Axırı ayrılmışdılar. Keçmiş sevgilisindən Yuliyanın barmağında bir üzük qalmışdı - sadə, hətta qızıldan olmayan bir üzük. O üzüyə baxanda Yuliyanın öz kişisini nə qədər şənləndirə biləcəyini aydın təsəvvür etmək olurdu. Yuliyanın sevinməsi və sevindirməsi üçün çox şeyə ehtiyacı yoxdu. Onun xarakterinin və dünyagörüşünün əsasında AZADLIQ dayanırdı. Mən həyatda ilk dəfə azadlığı qadın təbəssümü kimi gördüm...
Həzin bir musiqiyə rəqs edən qadının üzündə!
Və yadıma Daşdəmir düşdü...

659