Yeni doğulan uşağa birdəfəlik müavinəti necə almaq olar?
18 mart 2010 19:15 (UTC +04:00)

Yeni doğulan uşağa birdəfəlik müavinəti necə almaq olar?

Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır

Ölkə başçısının fərmanı ilə bu il yanvar ayının 1-dən yeni doğulan uşağa görə birdəfəlik sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilib. Artıq 2010-cu ildən respublikada yeni doğulan uşaqlara qeyd olunan məbləğdə müavinət ödənilir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayevin Lent.az-a bildirib ki, fondun büdcəsi tərtib olunarkən proqnozlara uyğun olaraq, digər müavinətlər kimi, uşağın anadan olmasına görə veriləcək birdəfəlik müavinətlər üçün vəsait nəzərdə tutulub. Onun sözlərinə görə, sosial sığorta haqları hesabına maliyyələşdiriləcək xərclərin 2 milyon manatı uşağın anadan olmasına görə müavinətin (2009-cu ilə nisbətən 66,7 faiz çox) verilməsinə sərf olunaçaq.

Fond rəsmisi bildirib ki, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət Nazirlər Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq olunan “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun olaraq verilir. Onun sözlərinə görə, uşağın anadan olması sosial sığorta hadisəsi hesab olunur: “Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir. Ananın işləmədiyi hallarda və əgər hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir”.

Elman Babayev deyir ki, işləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu DSMF orqanı tərəfindən, hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir: “İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşaq üçün nəzərdə tutulur. Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir”.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir. Uşaq ölü doğulduqda isə müavinət verilmir. Onun sözlərinə görə, uşağın doğulmasına görə birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir. Uşağın doğulması haqqında arayış itirilərsə, birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən təqdim edilən doğum haqqında arayışın surətinə əsasən verilə bilər. Bu hallarda valideynlər tərəfindən DSMF orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsi ilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7325

Oxşar yazılar