Səhiyyə Nazirliyinin iki poliklinika dərdi – ARAŞDIRMA
18 mart 2010 16:45 (UTC +04:00)

Səhiyyə Nazirliyinin iki poliklinika dərdi – ARAŞDIRMA

Bakının mərkəzindəki iki poliklinikada yaranmış gərginlik üç aydır davam edir

Bakının mərkəzində fəaliyyət göstərən iki poliklinikada ciddi gərginlik yaşanır. Onlardan biri 2008-ci ildə sökülən 17 saylı, digəri isə 14 saylı Tibb-Sanitariya Poliklinikasıdır.

Lent.az-a daxil olan məlumata görə, 17 saylı Tibb-Sanitariya Hissəsinin poliklinikasının binası 2008-ci ilin noyabrında Dövlət Əmlak Komitəsi və “Azərenerji”nin işçiləri tərəfindən söküldükdən sonra 8 aya yaxın iki yarıuçuq otaqda fəaliyyət göstərib. Bu müddət ərzində poliklinikanın 80 nəfərədək tibb işçisi elektrik enerjisi və su təchizatı dayandırılmış otaqlarda işləmək məcburiyyətində qalıb. 2009-cu ilin iyununda həmin iki otaq da dağıdıldığından poliklinika əmrlə ləğv edilib, işçilər 8 saylı Şəhər Poliklinikası və 14 saylı Tibb-Sanitariya Hissənin poliklinika şöbəsinin ştatına keçirilir. Baş həkim Tofiq Hacıyev isə idarəçilikdə dönüş yaratmaq və təmir işlərinə nəzarət etmək üçün 14 saylı Tibb-Sanitariya Hissəsinin poliklinika şöbəsinə müdir təyin edilib.

Baş həkim şiddətli töhmət verilib, müavinləri işdən azad edilib

Mənbə bildirir ki, o zaman tibb müəssisələrinə gözlənilmədən baş çəkən səhiyyə naziri Oqtay Şirəliyev 14 saylı Tibb-Sanitariya Hissəsində özbaşınalığı və bərbad vəziyyəti görüb, baş həkimə şiddətli töhmət verib, hər iki müavini işdən azad edib. Bundan sonra 17 saylı Tibb-Sanitariya hissəsi iki poliklinikada fəaliyyət göstərmək şərti ilə əmrlə yenidən bərpa olunub. Lakin poliklinikaya yeni bina ayrılması üçün Səhiyyə Nazirliyinin bir il ərzində göstərdiyi səylər nəticə verməyib.

Ötən ilin sonunda 14 saylı Tibb-Sanitariya Hissəsinin poliklinika şöbəsində təmir başa çatdırılıb, görülən iş Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. Bununla belə, təmir işləri başa çatan kimi baş həkim Tofiq Hacıyev işdən çıxarılıb. Yenicə təmirdən çıxmış poliklinikanın fəaliyyətində nəzərəçarpacaq canlanmanın hiss olunduğu vaxtda belə bir addımın atılması poliklinikada daxili gərginliyə səbəb olub. Belə ki, poliklinikanın tibbi personalı baş həkimin işdən azad edilməsinə etiraz edərək işləmək istəmədiklərini bildirir.

Bu arada 17 saylı Tibb-Sanitariya Hissəsinin yenidən ləğv olunacağı barədə xəbərlər dolaşır. Mənbə bildirir ki, belə məlumatlar və indiyədək baş verənlər iki poliklinikada gərginliyi artırıb. Belə ki, poliklinikanın birində ləğv olunmaq xofu, digərində rəhbərlik böhranı yaranıb.

Yeni baş həkimi aldadıblar?

Səhiyyə Nazirliyində hər iki poliklinika ilə bağlı baş verənləri təsdiqləyirlər. Bununla belə, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələ ilə bağlı geniş açıqlama verməyib. O, qeyd edib ki, 14 və 17 saylı Tibb-Sanitariya Hissəsinin poliklinikaları ilə bağlı məlumatları müvafiq qurumlarla dəqiqləşdirdikdən sonra özü redaksiyamıza məlumat verəcək. Nazirliyin əməkdaşı adı hallanan poliklinikaların əlaqə telefonlarını öyrənmək üçün bir qədər gözləməyi xahiş edib. Bundan sonra isə özünün mobil telefonunu da söndürərək, sorğularımıza cavab verməkdən imtina edib.

14 saylı Tibb-Sanitariya Hissəsinin poliklinika şöbəsinin baş həkim Tofiq Hacıyev Lent.az-a açıqlamasında deyib ki, o tibb müəssisəsinə səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığı əsasında göndərilib: “Məni ora göndərdilər ki, həm təmir işlərinə nəzarət edim, həm də poliklinikada xidmətin səviyyəsini qaldırım. Bunun üçün bir sıra təşkilati məsələlər görülməliydi və mənə tapşırılan işi yüksək səviyyədə yerinə yetirdim. Amma təmir işləri başa çatdıqdan sonra gördüm ki, təşkilati işlərin görülməsində Səhiyyə Nazirliyindəki rəhbərliyə təzyiqlər olunur. Yəni onlardan nələri isə xahiş edirdilər və imkan vermirdilər ki, nazirlik öz səlahiyyətinə aid məsələləri müstəqil həll etsin. Bunun özü də təzyiqin bir formasıdır. Ona görə də işdən azad olunmağım barədə nazirin adına ərizə yazdım”.

Səhiyyəyə kənardan təzyiq edirlər

Baş həkim bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə təzyiq edənlərin kimliyini bilsə də ad çəkmək istəmir. Onun sözlərinə görə, həmin şəxslər səhiyyə sisteminə heç bir aidiyyatı olmayan insanlardır. Onların kim olduğunu nazirlikdə də bilirlər: “Bu işlərdən nazirin şəxsən məlumatlı olub-olmadığını deyə bilmərəm. Amma nazirlikdə müvafiq sahələrə baxan adamların xəbərləri var. İşdən çıxmaq barədə ərizəmdən sonra məni həm nazirliyə, həm də Bakı Şəhər Baş Səhiyyə İdarəsinə dəvət ediblər. Bir neçə dəfə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla xanımın qəbulunda olmuşam. Bu söhbətlərdə məndən hansı səbəbdən işdən çıxmaq istədiyimi soruşublar. Mən isə açıq formada olmasa da, demişəm ki, poliklinikadakı atmosfer işləməyə imkan vermir. Çünki təzyiqlər olur və buna görə Tibb-Sanitariya Hissəsinin baş həkimi də başqa kurs götürür. Bu səbəbdən də mənim orada qalıb işləməyim mümkün deyil. Yəni orada iş görməyə, poliklinikanın nüfuzunu qaldırmağa imkan vermirlər”.

Hazırda rəsmi olaraq, poliklinikanın baş həkimi vəzifəsini daşıyan Tofiq Hacıyev ötən ilin sonundan işə çıxmır. Onun sözlərinə görə, ötən ilin sonlarında məzuniyyət götürüb. Elə həmin ərəfədə soyuqlarla əlaqədar xəstələndiyindən xəstəlik vərəqəsi açdırıb. Yanvar ayında isə işdən azad olunması, başqa işə keçirilməsi barədə ərizə yazıb: “Faktiki olaraq işə çıxmıram. Baxmayaraq ki, kollektiv günü bu gün də mənə zəng vurub işə çıxmağımı istəyirlər. Amma o imkanlar daxilində işləyə bilmərəm. Yəni poliklinikadakı vəziyyət mənim istədiyim səviyyədə işləməli durumda deyil. Mən o cür işləməyə öyrəşməmişəm, istəmişəm orada işi elə quraq ki, normal bir səhiyyə ocağı yarada bilək”.

Tofiq Hacıyev deyir ki, rəsmi olaraq rəhbəri olduğu poliklinika ilə bağlı qeyri-müəyyənlik bu şəkildə uzanmamalıdır. Onun sözlərinə görə, vəziyyət bu şəkildə davam edə bilməz: “Ya poliklinika səhiyyə müəssisəsi kimi fəaliyyət göstərməli, normal tibb müəssisəsinə çevrilməlidir, ya da məni işdən azad etməlidirlər”.

Qaldı bayramdan sonraya

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova Lent.az-a açıqlamasında hər şeydən xəbərdar olduğunu söyləyib və qeyd edib ki, bu məsələ Səhiyyə Nazirliyinin diqqətindədir: “Bəli, mən baş həkim Tofiq Hacıyevlə poliklinikadakı vəziyyət barədə söhbət eləmişəm. Amma indi bu məsələ ilə bağlı heç nə deməyəcəyəm, çünki telefonla danışılacaq söhbət deyil. Bayramdan sonra problem mütləq aradan qaldırılacaq. Baş həkim işində qalıb işləmək istəmirsə, onun ərizəsinə qol çəkiləcək. Yaxud da başqa vasitə tapıb problemi həll edəcəyik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164

Oxşar yazılar