Daha üç qəzet “reket” siyahısına düşə bilər
17 mart 2010 15:00 (UTC +04:00)

Daha üç qəzet “reket” siyahısına düşə bilər

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu rəhbərlik etdiyi komissiyanın müzakirəsinə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda müzakirə edilən ilk məsələ “Respublika gəncləri” qəzetinin 20-30 yanvar 2010-cu il tarixli sayında gedən “Macarıstandan redaksiyamıza məktub” rubrikalı, “Anama deyiləsi çox sözüm qaldı!” sərlövhəli yazı ilə bağlı olub. Belə rəyə gəlinib ki, narazılıq doğuran məqalə nəinki peşə prinsiplərinə zidd tərzdə qələmə alınıb, orada milli-mənəvi dəyərlərə də sayğısızlıq göstərilib. Nəşr rəhbərliyinin yazını jurnalistika janrı kimi təqdim etməsi ilə bağlı fikirləri əsassız sayılıb. Komissiya “Respublika gəncləri” qəzetinin təkcə şikayətçi tərəfdən deyil, bütövlükdə Azərbaycan xalqından üzr istəməsini zəruri sayıb. Yekun rəydə qəzetə ciddi xəbərdarlıq edilməsi də əksini tapıb.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Gündəm xəbər” qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən belə rəyə gəlinib ki, narazılıq doğuran materialda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra tələblərinə sayğısızlıq göstərilib. Qarşı tərəfin mövqeyi öyrənilməyib, bunun edilməsinə cəhd göstərildiyi barədə də bilgi yoxdur. Qeyd edək ki, “Gündəm xəbər” qəzetinin fəaliyyəti Şuranın əvvəlki iclaslarının birində də müzakirəyə çıxarılıb və həmin vaxt nəşrə ciddi xəbərdarlıq olunub. Komissiya mövcud faktı və müzakirə edilən hazırkı məsələnin mahiyyətini nəzərə alaraq ,bu nəşrlə bağlı materialın Şuranın Reket jurnalistikaya qarşı mübarizə Komissiyasında araşdırılması qərarı verib. İclasda “Türk Azərbaycan dünyası” qəzeti ilə bağlı materialların da sözügedən komissiyada araşdırılması məqsədəmüvafiq sayılıb. Nəşr barədə müzakirə edilən konkret şikayət Qazax Rayon Təhsil Şöbəsindən olub.

Millət vəkili Nazim Məmmədovun “Azərbaycan Cumhuriyyəti” və “Aktual” qəzetləri ilə bağlı müraciəti müzakirə edilərkən bildirilib ki, deputat barədə gedən materialların təqdimatında qərəz motivləri mövcuddur. Etik prinsiplərin tələbləri pozulub, qarşı tərəfin mövqeyi verilməyib. Hər iki nəşrə şikayət doğuran məqamlarla bağlı təkzib verilməsi və qarşı tərəfin mövqeyinin işıqlandırılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar