İş adamı nazirdən kömək istəyir
16 mart 2010 14:00 (UTC +04:00)

İş adamı nazirdən kömək istəyir

Sahibkar Hüseynqulu Bağırovdan barələrində tərtib olunmuş ziddiyyətli akt və protokollarla bağlı ədalətli qərar çıxarılmasını xahiş edib

“Oğuz Reproduktor Quşçuluq” ASC-nin Direktorlar Şurası Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırova açıq məktubla müraciət edib. Şuranın sədri, “Missiya-N” MMC-nin təsisçisi Şirin Şuminovun imzaladığı müraciətdə son vaxtlar nazirliyin müvafiq qurumlarının “Oğuz Reproduktor Quşçuluq” ASC-də apardığı yoxlamalarla bağlı ədalətli qərarların çıxarılması xahiş olunur.

Lent.az-ın məlumatına görə, iş adamı müraciətdə 2006-cı ildə tam özəlləşdirilmiş ASC-nin nizamnaməyə uyğun qurumun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük həcmdə sərmayə qoyduqlarını bildirir. Bu müddət ərzində torpaqlar kol-kosdan təmizlənərək yararlı vəziyyətə gətirilmiş, yeraltı suların axıdılması, bataqlıqların qurudulması üçün kanallar çəkilib.

Müraciətdə qeyd olunur ki, müxtəlif vaxtlarda Qarabaldır kəndi istiqamətindən ASC-nin ərazisinə keçən yanğınların qarşısını alan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilib. Aktlarda ASC-yə sərhəd boyu ərazimizdə yerləşən mühafizə və drenaj təyinatlı kanalın yeniləşdirilməsi tapşırılıb. Həmin tapşırıqlara əsasən və qoyulmuş investisiyanı yanğınlardan qorumaq üçün ərazidə təxminən 1200 metr uzunluğunda kanal çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da bir neçə dəfə apardıqları yoxlamalar nəticəsində tərtib etdiyi aktlarda kanalın qazılması zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini təsdiqləyib.

Bununla belə, sonuncu dəfə ərazidə yoxlama aparmaq üçün Bakıdan Oğuza göndərilən nazirlik əməkdaşları əvvəlki aktlara əhəmiyyət vermədən, fərqli qərar çıxarıb. Belə ki, nazirlik əməkdaşlarının tərtib etdiyi aktda göstərilir ki, guya kanal qazarkən ASC tərəfindən yerin təki haqqında qanunvericiliyin tələblərinin pozulub və ətraf mühitə külli miqdarda ziyan vurulub.

Daha sonra müraciətdə deyilir: “Həmin akt və onun əsasında tərtib edilmiş protokol birinci və apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz və əsassız hesab edilib. Bundan başqa, Oğuz RİH başçısı Aydın Əlihüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyimiz şikayət Oğuz Rayon Məhkəməsi tərəfindən araşdırılarkən nədənsə, Sizin adınızdan Baş Nazirinin müavini cənab Abid Şərifova ünvanlanmış 10 dekabr 2009-cu il tarixli məktub icra başçısının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdi. Halbuki, cənab A.Şərifovun digər məktubuna əsasən, Sizin tapşırığınızla ərazimizdə Bakıdan ezam olunmuş əməkdaşınız tərəfindən araşdırmalar 23 fevral 2010-cu il tarixdə aparılmışdı. Həmin aktla və digər dövlət qurumlarının sənədləri ilə təsdiqlənən məlumatlar Sizin adınızdan yazılmış məktubda göstərilənlərlə tam ziddiyyət təşkil edir. Bu səbəbdən də həmin məktuba Sizin şəxsən imza atdığınız şübhə yaradır. Biz Sizin belə bir məktuba imza atdığınıza inanmırıq. Bu azmış kimi, 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ASC-yə məxsus ərazidə qazılmış mühafizə kanalına görə ona heç bir aidiyyəti olmayan təsisçisi olduğum “Missiya-N” MMC-yə qarşı Şəki Yerli İqtisad Məhkəməsində iddia qaldırılıb. FHN-nin tapşırığı əsasında qazılmış həmin kanalın ASC-yə məxsus olduğunu bilərəkdən bu cür iddia ilə çıxış edən 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin belə hərəkəti bizi çox təəssüfləndirir. Əgər məqsəd hazırda “Oğuz-9” adlandırılan ASC-nin ərazisində kanalın qazılması ilə əlaqədar mənim həmtəsisçisi olduğum bütün müəssisələrə qarşı iddia qaldırmaqdırsa, qabaqcadan bəyan edirəm ki, daha 3 müəssisədə həmtəsisçiyəm, ünvanlarını verə bilərəm”.

İş adamı nazirə ünvanladığı açıq məktubda baş verənlərlə bağlı gəldikləri qənaəti belə qeyd edib: “Bütün bunları araşdırarkən elə təəssürat yaranır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində sanki bir-birini təkzib edən iki struktur fəaliyyət göstərir. Onlardan biri yerində araşdırılmış faktlar əsasında kənar təzyiqə məhəl qoymadan obyektiv və ədalətli mövqe əks etdirir, digəri isə onların əksinə olaraq, eyni məsələyə xüsusi tapşırıqlar əsasında fərqli “qiymət verir”. Elə bu səbəbdən də Sizə açıq məktubla müraciət etmək məcburiyyətində qaldıq. Çünki bundan əvvəlki müraciətlərimizin heç birinin Sizə çatdırılmadığı və bu səbəbdən əməli tədbirlər görülmədiyi qənaətindəyik”.

Məktubun sonunda sahibkar Şirin Şuminov bu müraciətdən sonra məsələni şəxsən araşdırıb problemin ədalətli və düzgün həllinə dair qərar verəcəyinə inamını ifadə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar