Tələbələrə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı başladı
13 mart 2010 19:15 (UTC +04:00)

Tələbələrə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı başladı

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirir. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

İmtahan Azərbaycan Beynəlxalq Universitetinin 1-ci və 7-ci korpusunda saat 10:00-da başlanıb.
İmtahanda iştirak etmək üçün namizədlər buraxılış vərəqələrini 9, 10 və 11 mart tarixlərində TQDK-nın binasında şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə ediblər. Buraxılış vərəqəsi ilə birlikdə namizədlərə "Yaddaş Kitabçası" da verilib.

Müsabiqədə iştirak etmək üçün müraciət etmiş tələbələrdən 951 nəfərinin namizədliyi qəbul edilib.

TQDK tərəfindən keçirilən müsabiqənin birinci turunda tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Onlardan 30 sual çoxseçimli, 10 sual isə açıq test tapşırığıdır. Hər doğru cavab 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir. Suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İkinci tura buraxılmaq üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının seçilmiş fakültələr üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin edilib.

2006-cı ildən etibarən tələbələr təqaüdlərini onların hər biri üçün ARDNŞ tərəfindən açılmış fərdi plastik kart vasitəsilə istənilən bankdan ala bilir.

ARDNŞ 2008-ci ildə “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında” yeni Əsasnamə təsdiq edib. Bu Əsasnaməyə görə artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar