Azərbaycanlının təsbehləri Ginnesin Rekordlar Kitabına düşəcək
04 mart 2010 18:15 (UTC +04:00)

Azərbaycanlının təsbehləri Ginnesin Rekordlar Kitabına düşəcək

Fərhad Babaxanov 81 ölkəni təmsil edən 2400 təsbeh toplayıb

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı Fərhad Babaxanov dünyanın ən böyük təsbeh kolleksiyası ilə Ginnesin Rekordlar Kitabına düşəcəyi günü gözləyir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Turizm İttifaqı sədrinin baş məsləhətçisi vəzifəsində çalışan Babaxanov son 40 ildə minlərlə təsbeh toplayıb. O, bu təsbehlərlə rekord qırmağı düşünür. Babaxanovun topladığı təsbehlər arasında fərqli din və inanclara aid və 81 ölkəni təmsil edən 2400 təsbeh var.
Həmin təsbehlərlə evinin divarlarını bəzəyən soydaşımız özünü təsbehsiz təsəvvür etmədiyini deyir.

Onun təsbehləri arasında II Papanın ölümüylə bağlı hazırlanan və davamlı olaraq gül ətri verən təsbeh, həmçinin, Məkkədən gətirdiyi 7 kiloqram ağırlığındakı təsbeh var. Bundan başqa, İsrail həbsxanalarında saxlanılan fələstinlilərin Fələstin bayrağı rəngində hazırladığı təsbeh də kolleksiyaya daxildir.

F.Babaxanov ilk dəfə təsbeh yığmağa 40 il əvvəl Bakıda ali məktəbdə oxuyarkən tələbə yoldaşının atasının İrandan gətirdiyi təsbehləri görəndən sonra başlayıb.

“Xüsusən Türkiyə və Suriyada hazırlanan təsbehlərin ustalıq işinə heyran qalıram” – deyə, o bildirib.

Rusiya Rekordlar Kitabı tərəfindən “Rusiya və MDB rekordçusu” nişanıyla mükafatlandırılan F.Babaxanovun adının yaxın aylarda Ginnesin Rekordlar Kitabına düşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar