Maqazin, yoxsa...?
23 avqust 2010 16:26 (UTC +04:00)

Maqazin, yoxsa...?

Bir müddət öncə yaxın tanışlarımdan biri faciəli şəkildə dünyasını dəyişmişdi. Mən də bu hadisədən xəbər tutan kimi başsağlığı verib yas mərasimində iştirak etməyə getmişdim. Xəbəri bir az gec aldığımdan rəhmətliyin ancaq yeddisinə gedib çıxa bilmişdim. Təbii ki, yaşadıqları binanın qarşısında çadır qurulmuşdu. Kişilər üçün ayrı, qadınlar üçün ayrı. Çadıra daxil olanda mərasim-ehsanat bir müddət idi ki, başlamışdı. Başda mərhumun şəkli, şəklin altında molla, nə isə danışır. Hansı isə hədis və ya hikmətli sözlər... Hamıyla işarə ilə salamlaşdım, bir kənarda əyləşdim. Mərhumun atası girişdə idi, başsağlığı verib keçdim. Məclisdəkilərin böyük qisminin başı qızğın söhbətə qarışmışdı. Hətta arabir yavaşdan gülüş səsləri də eşidilirdi. Yalnızca arada bir mollanın “əl-Fatiha” səsini eşidəndə hamı susur, bir azdan sonra əllərini üzlərinə çəkir, yenə də qaldıqları yerdən şirin-şirin davam edirdilər. Yəni, uzun sözün qısası, klassik “Azərbaycansayaği” yas mərasimi...

Çadırdakıların əksər qismini ilk dəfə idi görürdüm. Burada yaşlı-cavan qarışıq əyləşmişdilər. 15 dəqiqəyə qədər oturdum, çaydan-halvadan yeyib rəhmət oxudum, duamı elədim! Məclisə daxil olanda bir anlıq, molla da daxil olmaqla hər kəs məni süzüb, üzünü çevirmişdi. Sözün açığı, heç kimin mənə elə də əhəmiyyət verməməsi əslində lap ürəyimdən idi. Çünki son zamanlar getdiyim hər yerdə insanlar tərəfindən o qədər sorğu-suala tutuluram ki, hərdən bu suallar qarşısında aciz qalıb “ağ bayraq” qaldırıram. Ancaq alışdığım vəziyyətdən burada da “canımı qurtara bilmədim”. Əvvəlcə iki, sonra üç, daha sonra beş nəfər durub mən oturan tərəfə gəldilər, salamlaşıb komplimentlər yağdırmağa başladılar...

Sonra başladı suallar:
- Qaqa, qorxmursan sənə nəsə eliyərlər? Efirdə bir az ehtiyatlı ol. Bu millətin dərdi sənə qalıb?!
- Ayə, məhkəmələri yaman tənqid elədin ey... Dəhşətdilər...
- O füzulili oğlan var idi ey, işi düzəldi?
- Yetimlərə toy elədin ha, qız rus idi?
- Turan, bu əmanətləri doğurdan verəcəklər?

Arada mollanın səsi gəlir, “əl-Fatiha”... Hamı susur, bir az sonra əlini üzünə çəkir və:
- Verilişdən sonra “filankəs” zəng eləyib sənə heç nə demədi?
- Eşitmişəm “axranaynan” gəzirsən, bura bəs niyə tək gəlmisən?
- Oğlum, Nəqliyyat Nazirliyində tanışın var?

Bir sözlə mənə gündəlik küçədə-bacada rastlaşdığım hər kəsin verdiyi standart suallar. Və təbii ki, mənim də artıq mexaniki hal almış növbətçi cavablarım... Hətta gündəlik etdiyim köməkliklərdən bir-ikisini burada da etməli oldum... Hara isə zəng edib, kimlərin isə hansı isə işi ilə maraqlanmaq, xahiş etmək və s. Bir az keçmişdi ki, orta yaşlı, ziyalı görünüşlü, bir kişi mənə çox qəribə bir sual verdi. Sözün açığı, bu sual məni əməlli-başlı silkələdi:

- Turan, o arvadı yapona qoşulub qaçan məmur kimdir? Qəzetdə yazmışdılar açıqlayacaqlar, nə isə sonra xəbər çıxmadı!

Əslində söhbətin nədən getdiyini bilirdim. Hətta o xəbəri mən də görüb, oxumuşdum. Səmimi şəkildə cavab verdim bilmirəm, mən də sizin kimi. Elə bunu demişdim kimsə dilləndi:

- Bəs qızı Londonda erməni ilə yaşayan məmur kimdir?

Yenə də söhbətin nə olduğunu bildiyim üçün çiyinlərimi çəkdim. Hamı diqqətlə gözlərimin içinə baxırdı...

- Hələ keçən dəfə yazmışdılar ki, gələn dəfə açıqlayacaqlar hansı nazir, Gürcüstanda erməni qohumları ilə görüşür. Onu da bilmirsən kimdir?

Elə istəyirdim sıxıla-sıxıla deyim, vallah mən də eşitmişəm, amma kimliyini bilmirəm, növbəti sual gəldi:

- Türkiyədən aktrisa gətirib “saxlayan” deputat oğlunu tanıyırsan? 250.000-ə ev də alıb qıza!

* * *

O gündən bu günə fikirləşirəm. Bəli, bu xəbərlərin hamısını mən də oxumuşam. Hamısının sonunda da təxminən bu şəkildə vurğulanmışdı: “Hələ açıqlamırıq bu kimdir, ancaq gələn buraxılışlarımızı qaçırmayın, sizə deyəcəyik”. Lap maqazin verilişlərindəki anonslara oxşadı: “Rəqsanənin uşağının atası kimdir?”, “Aygün ilə Namiq niyə ayrıldı?”... Az sonra, qaçırmayın... Ən qəribəsi də budur ki, bu qəzetlər ciddi nəşrlər kimi tanınır, əhalinin müəyyən qismi də onları məhz elə qəbul edir, orada yazılanları dəhşət dolu nəzərlərlə oxuyub, müzakirələr aparırlar... Belə bir təbii sual doğur. Bəs nə oldu? Nə üçün bu şəxslərin kimliklərini açıqlamadılar? O zaman da adamın ağlına iki şey gəlir. Ya bütün bunlar yaxşı halda sensasiya yaradıb tiraj artırmaq üçün edilir, (Necə ki, bunu qeyd etdiyim kimi maqazin verilişləri və “Sarı” nəşrlər edir) ya da lap pisi, dezinformasiya yaymaqla insanlar dövlətə qarşı inamsızlığa və nifrətə yönəldilir... Əslində üçüncü variant da var. O da ondan ibarətdir. Bəlkə də bu məlumatlar tamamilə doğrudur və mən də jurnalist olaraq onun tərəfdarıyam, xalq hər şeyi bilməlidir! Onu idarə edənlərin kimliyindən agah olmalıdır. Gəl ki, məsələ belə deyil! Necə deyərlər, “oxu atıb, yayı gizlədirlər”... Yoxsa onları susdururlar, təzyiqlər edirlər?! Yox, heç inandırıcı deyil! Axı bu nəşrlərin cəsarətlərinə və qorxmazlıqlarına heç kim şübhə etmir. Əgər onlara hansısa formada nə isə edilsə idi, əminəm, heç çəkinmədən bu olanlardan da bizi operativ şəkildə agah edərdilər! Qalır yalnız bircə şey! Deməli onlar bu anonsları eləməklə sensasiya yaradıb qəzetin satışından yaxşıca pul qazanırlar, sonra isə o xəbərdə sözü gedən “şəxslər” bu qəzetlərlə “dil tapırlar”, barışıq olur, qurtarıb gedir... Ondan sonra daha kimə lazımdır?! Axı bu camaat xəbərin ardını gözləyir! Axı millətin inamı qırılır! Axı... Axı... Axı...

P.S. Nazir qızının Londonda erməni ilə eşq macərası yanlış məlumat imiş, “Gilan Holdinq”in Ermənistandakı fəaliyyəti isə ad oxşarlığından başqa bir şey deyilmiş... Bəs oxucu soruşmazmı – ordan-burdan eşitdiyiniz dedi-qodunu, qeybəti niyə sensasion fakt kimi bizə sırıyırsınız, beynimizi qarışdırırsınız? Sonra da belə... Yoxsa bunda da bir başqa “kəramət” var?
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar