2 nəfərin ölümünə səbəb olan sürücü sükan arxasında yatıbmış - RƏSMİ AÇIQLAMA
10 iyun 2026 09:15 (UTC +04:00)

2 nəfərin ölümünə səbəb olan sürücü sükan arxasında yatıbmış - RƏSMİ AÇIQLAMA

0

Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu

İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatlarını itirib.

Sözügedən yol-nəqliyyat hadisəsi zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir, sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına  biganə yanaşmamağa çağırır.

***

8 iyun, saat 16:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar, 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əsgərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rza Yəhya oğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmayıl oğlununu meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 14:48

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb.

İki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1598

Oxşar yazılar