Xaçların sirri, saxtalaşdırılan tarix, Fərhadın külünglədiyi kəllə... – REPORTAJ
09 avqust 2012 17:14 (UTC +04:00)

Xaçların sirri, saxtalaşdırılan tarix, Fərhadın külünglədiyi kəllə... – REPORTAJ

Redaksiyadan: Lent.az Azərbaycanın bölgələrinin tarixi, mədəniyyəti, bu günü ilə bağlı yazılarını davam etdirir. Bu günədək saytımızda “Güney Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində güneydəki yurdlarımızın haqqında araşdırmalar və fotolentlər təqdim etmişik. İndi həm də Azərbaycanın quzeyinin – Azərbaycan Respublikasının bölgələri barədə yazılar təqdim etməyə başlayırıq. Bu dəfə “Quzey Azərbaycanı tanıdaq” adı ilə...

Bura müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu bir məkandır. Bu yerlərə qədim alban, orta əsrlər tarixinin, dədə Ələsgərin yaşadığı, çalıb-çağırdığı dövrlərin ruhu, salnaməsi hopub. Ancaq tək bunlarla bitmir, bu yurd yeri həm də Azərbaycanın sənaye mərkəzlərindən biridir. Vaxt vardı, buraların filizi, daşı, qiymətli metalı cəmi Sovetlər Birliyində, bütün dünyada məşhur idi. Bəndəniz laçın vaxtlarında, yəni hərbidə olanda buranın Alaxançallı deyilən kəndində bir-iki dəfə olmuşdu. Vallah, onda heç belə "azarla" rastlaşmamışdım. Antireklam kimi qəbul eləməyin, buna heç özüm də razılaşmaram, di gəl, deməliyəm ki, laçın vaxtlarımda dağlarında, dərələrində dəli at kimi çapdığım yerlər bu dəfə 39 yaşlı köhnə dostuna gün verib işıq vermədi və ömrümdə ilk dəfə "160-100" rəqəmləriylə "bu, hipertoniklərin təzyiqidi" "diaqnozu" altında rayon həkiminin yazdığı həbi qəbul eləməli oldum. Ancaq yox, adamın üstündə Allah var, Bakının 41-42 dərəcə istidə qovrulduğu günlərdə burada mənim günlərim elə də pis keçmədi. Təzyiqsə buranın yox, mənim öz azarımıydı... 40 yaşın astanasının azarı... Nəysə, bura Daşkəsəndi... Qədim, müasir, sənaye mərkəzi Daşkəsən... ATV-nin çəkiliş qrupu ilə birgə səfər elədiyimiz bu rayonda çəkilişlə yanaşı səfər dəftərçəmdə bəzi qeydlər də aparmağa vaxt tapdım...

Xoşbulaq yaylağı xoş tamaşadı...

Dediyim kimi, Daşkəsən rayonu həm tarixi bir yurd yeri, həm də müasir Azərbaycanın sovet illərindəki ən əhəmiyyətli dövrlərini özündə yaşadan rayondur. Azərbaycan dilli "Vikipediya"da rayon haqqında ümumi məlumatlarda deyilir ki, Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən filiz-mədən sənayesinin mərkəzidir. Rayon ərazisində iki süni göl var - Xoşbulaq və Göygöl. Daşkəsən Murovdağ, Şahdağ silsilələrinin yamaclarını əhatə eləyir, ən hündür zirvələri 3367 metrlik Hinaldağ, 3361 metr hündürlüyündə Qoşqar dağ zirvələridi. 1930-cu ildən inzibati ərazi kimi yaradılıb və 1956-cı ilə qədər Dəstəfur rayonu adlanıb. Filiz yataqlarının istifadəyə verilməsiylə əlaqədar 1948-ci il mart ayının 16-da isə şəhərin əsası qoyulub. 1963-cü ildə Xanlar, yəni indiki Göygöl ərazisinə qatılsa da, 1965-ci ildən təzədən müstəqil rayon statusu alıb.

Daşkəsən rayonu həm də cəbhə bölgəsidir. Başı dumanlı dağların o bir yanı Göyçədir - onlarla yurd yerlərimizdən biri kimi əsirlikdə qalmış Göyçə. Aşıq Ələsgərin qoşması yadınızdadırmı?

Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgər tək qulların, dağlar!


Dədə Ələsgərin barəsində danışdığı o dağlar da, Xoşbulaq yaylağı da Daşkəsən rayonundadır. Bu yerlər uzun illər yaylaq kimi istifadə olunub, yaxından-uzaqdan gələn elatlar buralara yaylağa çıxıb.

Cənubi Qafqazın ən gözəl və bərəkətli yaylaqlarından biri olan Xoşbulaqda insan məskəninin tarixi isə Daş dövrünə gedib çıxır. Eramızdan əvvəl III minillikdən maldar əhali bu yaylağa qalxıb, o zamandan da Xoşbulağın yaylaq ənənəsi davam eləyir. Dəniz səviyyəsindən 2 min metr yüksəkdə olan Xoşbulaqda indinin özündə də maldar tayfalar tərəfindən tikilmiş yaşı bilinməyən siklop tipli qalaçalar mövcuddur. Hələ Sovet dövründə, 1959-60-cı illərdə burada aparılan arxeoloji qazıntılar zamanı saysız-hesabsız kurqan tipli abidələr də tapılmışdı.

Alban abidələri və erməni saxtakarlığı

Daşkəsən rayonu Azərbaycanda alban mədəniyyətinin izlərini özündə daha çox yaşadan bölgələrimizdəndir. İslamın gəlişinə qədər burada yerli əhali xristian olub və islamlaşdırma siyasəti dağlıq ərazilərdə bir qədər ləng getdiyi üçün Daşkəsən dağlarında Alban-xristian məbədlərinin sayı digər yerlərə nisbətən daha çoxdur. Rayonun Çovdar, Qabaqtəpə, Bayan, Quşçu kəndləri ərazisindəki alban məbədləri elə ilk baxışdan memarlıq quruluşlarına, divarlar üzərindəki erkən xristianlığın rəmz və simvollarına, həmçinin daş, divar rəsmləri içərisindəki rəsm nümunələrinə görə alban abidələri olduqları açıq-aydın bilinir. Ona görə də, bir sıra abidələrdə erməni əlinin necə kobudluqla işlədiyinin şahidi olursan. Ziyarət elədiyim birinci abidə Bayan kəndindəki VII-VIII əsrlərə aid edilən alban məbədiydi. Məbədin alaqapısının üstünə vurulmuş lövhədən də bilinir ki, bu abidə yalnız 1863-cü ildən ermənilərin ibadət yerinə çevrilib. Alban Apostol Kilsəsinin 1836-cı ildə Rus Çarının xüsusi fərmanı ilə ləğv edilərək Erməni qriqorian kilsəsinə tabe etdirildiyini xatırlasaq, bu lövhənin də, ermənilərin uzun illər boyu abidənin başına açdıqları oyunların da səbəbi məlum olar. Həqiqətən, alban mədəniyyətinin, alban memarlığının ən dəyərli nümunələrindən sayıla biləcək Bayandakı bu məbədin həm xaricinə, həm də daxilinə, yumşaq desək, xeyli əl gəzdirilib. Abidənin iç hissəsinin divarları tamamilə suvanıb, divarlarda bir dənə də olsun hansısa alban rəmzinə, simvoluna, xaçına rast gəlmək mümkün deyil. Ancaq altarın üzünün Qüdsə tərəf olması, tavandakı zəng yeri, baş tərəfdəki iki xırda hücrə eynilə Qəbələdə, Şəkidə, Oğuzda olan alban məbədlərində olduğu kimidir. Quşçu kəndindən 15 kilometr məsafədə, dağ zirvəsində yerləşən alban məbədi də erməni saxtakarlığının qurbanı olub. Düzdü, haylar burada, öz aləmlərində, guya daha "incə" işləməyə çalışıblar. Belə ki, tikilmə tarixi 487-ci ilə aid edilən məbədin həm daxili, həm də xarici divarlarına xeyli sayda erməni xaçı, erməni əlifbasıyla yazılar həkk edilib. Şəkillərdən də göründüyü kimi, hətta bəzi yerlərdə "salnaməçilər" utanmadan qara rəngli boyalardan, yəni hamımızın bildiyi müasir "kraska"dan da yararlanıblar. Ancaq nə qədər saxtakarlıq olunsa da, az-çox tarixə bələdçiliyi olan hər kəs, məsələn, alban xaçıyla erməni xaçının fərqini çox gözəl anlayar. Elə biz də çəkiliş qrupumuzun üzvləriylə birgə heç bir çətinlik çəkmədən bu saxtakarlıqları ayırd eləyə bildik. Ümumiyyətlə, tədqiqatlar sübut eləyir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin yaranmasının və inkişafının özünəməxsus yolu olub. Söhbət üzərində xristianlığa qədər mövcud olmuş dini ayinlərin simvolikası həkk edilmiş xristian və müsəlman qəbirlərindən, yazılı abidə daşlarından gedir. Bunlara uyğun olaraq alban xaç daşlarının üzərindəki obrazlar da özündə həm xristianlığaqədərki, həm də xristian dövrünün simvollarını ehtiva edir. Öz mənalarına görə bu xaçlar xristianlığaqədərki dini ayinlərlə bağlıdır və həyat ağacının - xaçın təsvirinə yaxındır. Bu xaçlarda xristianlığaqədərki inamların, kainatı dərketmənin əlamətləri əks olunub. Tədqiqatlardan məlum olur ki, əgər erməni xaçlarında simvolik və bədii traktovkanın əsasında bütün kompozisiyanın, bəzək tərtibatının tabe olduğu xaç təsviri durursa, alban xaç daşlarında xaç obrazı adətən dərinlik, hündürlük üzrə ümumi çoxpilləli bədii traktovkada əriyib itir, 2, 4, 6 kiçik xaçlara xırdalanaraq sanki bəzək tərtibatına qarışır. Alban xaç daşları erməni xaçlarından plastikliyi, fikir dərinliyi, incəsənətlə dini simvolikanın üzvü sintezi nəticəsində meydana çıxmış bir memarlıq nümunəsi olmasıyla fərqlənir. Erməni xaçları isə heç bir məna kəsb etmir. Bu xaçlar hazırlanarkən onların təsvirlərində dekorativ sənət, müxtəlif bəzək nümunələrindən istifadə edilməyib. Ona görə də erməni-qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri sadə formada olub, xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar. Bu xaçlar yalnız kilsələrdə dini ayinlərin icrasında istifadə olunan vasitədən savayı bir şey deyil. Hər şey eynilə gürcü tarixçisi Çavçavadzenin "Ermənilər və ağlayan daşlar" əsərində yazdığı kimidir: "Ermənilər aborigen albanları qriqoianlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi" - "Şərqi Ermənistan" adlandırırlar..." Bu xırda tarix və sənət arayışından sonra özünüz bir daha yaşı əsrlərlə ölçülən şəkillərdəki alban, bir də yüzillər sonradan yamaq edilmiş erməni xaçlarına diqqətlə baxın və nəticə çıxarın...

"Hamısı ucdantutma daşnakdılar..."

"Aşağı Daşkəsən" adlanan ərazidən şəhərə qalxanları Fərhadın əzəmətli heykəli qarşılayır. Bu heykəl Bakının "Fəhlə prospekti"ndəki dəmir əyən fəhlənin heykəlindən hiss olunacaq dərəcədə böyük olsa da, əslində eyni mahiyyət kəsb eləyir. Hə, əgər Bakının "Fəhlə prospekti"ndəki fəhlə neftayırma, maşınqayırma, poladəritmə məsələlərinə "baxırsa", Daşkəsəndəki Fərhad da dağları yarıb mərmər, yaxud dəmir filizi çıxarmaq işiylə "məşğuldur". Axı, Daşkəsəndə insanlar hələ orta əsrlərdən mədən işləriylə məşğul olublar. Bu ənənə Sovet dövründə daha da inkişaf etdirilmişdi və buradan dəmir filizi, aliminium, kobalt, mərmər kimi strateji məhsullar çıxarılırdı. Məhz buranın fəaliyyəti nəticəsində Sovet dövrü Rustavidə metallurgiya zavodu, Gəncədə isə alüminium-oksid istehsal eləyən ilk zavod - Gəncə Alüminium Zavodu inşa olunmuşdu. Daşkəsənin simvollarından birinə çevrilmiş kanat yolu da 1950-ci ildə çıxarılan filizin Quşçu dəmiryolu stansiyasına daşınması üçün qurulmuşdu. Bu kanat yolu yenə fəaliyyət göstərir, sadəcə, indi Daşkəsən Filizsaflaşdırma ASC-nin filizi Rustaviyə yox, birbaşa Batumiyə daşınır, oradan da xarici bazara çıxarılır... Dediyimiz kimi, Daşkəsən şəhərinin əsası burada filiz yataqlarının istifadəyə verilməsiylə əlaqədar qoyulub. Şəhərsalmada alman izlərini görmək üçün elə də dərin tədqiqatlar aparmağa ehtiyac yoxdu. Müharibədən sonra SSRİ-nin müxtəlif respublikalarında inşa edilən sənaye şəhərlərinin, bu sırada o cümlədən Azərbaycanda - Mingəçevir, Sumqayıt kimi şəhərlərin qurulmasında olduğu kimi burada da alman əsirlərinin zəhmətindən, biliyindən yararlanılıb. İllər keçməsinə baxmayaraq, Daşkəsəni dolaşdıqca, binalara, küçələrə baxdıqca çox yerdə bunu duymaq mümkündür. İndi almanlardan buralarda bir həmin izlər, bir də Daşkəsən şəhərinə gedən yolun üstündəki alman qəbiristanlığı qalıb... Ancaq Daşkəsənin qurulmasına təbii ki, almanlar yox, bizim öz alimlərimiz, əmək adamlarımız daha çox töhfə veriblər. Burada filiz mədənlərinin istismar olunmasında böyük rolu olmuş alimlərdən biri də Şirəli Məmmədov olub. Əslən Naxçıvanın Ordubad bölgəsindən olan Şirəli Məmmədovu ona görə xüsusi xatırladım ki, uzun illər Daşkəsən Filizsaflaşdırma Kombinatında baş mühəndis işləmiş Muxtar Muxtarov onunla bağlı maraqlı bir əhvalat danışdı. Deməli, 1950-ci ildə Mircəfər Bağırov alimi yanına çağırır və Daşkəsənə getməyi, orada aparılması nəzərdə tutulan filiz-mədən işlərinə rəhbərlik eləməyi tapşırır. O dövrdə həm Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda mədən işləri şöbəsinin rəhbəri, həm də Azərbaycan Dövlət Universitetinin professoru olan Şirəli müəllim rəhbərin tapşırığından nəzakətlə imtina eləyərək deyir ki, o, Bakıda elmi işlərini davam etdirmək, yeni tələbələr yetişdirmək istəyir. Bağırovun yanından çıxıb Neft İnstitutundakı işinə qayıdanda məlum olur ki, onu vəzifəsindən azad ediblər. Ardından Azərbaycan Dövlət Universitetinə gələndə rektor onu yanına çağırıb deyir ki, daha universitetdə dərs deyə bilməyəcək, çünki "yuxarıların tapşırığı belədir". Beləliklə, Şirəli Məmmədov yarım ilə yaxın işsiz qalır. Axırda alimin əlacı kəsilir, təzədən Bağırovun qəbuluna gəlir və Daşkəsənə getməyə hazır olduğunu bildirir. Deyilənə görə, Mircəfər Bağırov ona müvafiq göstərişlərini verəndən sonra bərk-bərk tapşırır ki, nəbadə hansısa rəhbər işə ermənilərdən dəvət eləyə, çünki "hamısı ucdantutma daşnakdılar..." Beləliklə, alim Şirəli Məmmədov 1950-ci ildən Daşkəsən filiz-mədən idarəsinin rəisi vəzifəsinə göndərilir və 3 il ərzində bu mühüm, strateji müəssisənin inşa olunmasına, inkişafına layiqli töhfələr verir. Təbii ki, Daşkəsən Azərbaycanın məhz belə ləyaqətli və işıqlı alimlərinin, zəhmət adamlarının gecəli-gündüzlü səyləri, yorulmaq bilməyən əməkləri sayəsində qurulub, inkişaf edib...

Fərhadın külüngü, Leninin kəlləsi...

Rayonda olduğum 3 gün ərzində Bakıda dəhşətli istilərin keçdiyini yazmışdım. Mən isə orada gecələr yorğana bürünməsəm yata bilmirdim. Dostlar dedilər ki, hələ havalar mənim gəlişimdən bircə gün qabaq açılıb. Bir gün qabağa qədərsə yağışdan, sisdən, dumandan göz açmağa imkan tapmırmışlar. Ona görə də, bir az şairənə düşünüb deməliyəm ki, "Daşkəsənin Fərhadı" təkcə bu yerlərdə filiz çıxaranların deyil, həmçinin bu yüksək dağ rayonunda yaşayan, çalışan, ələlxüsus hərbi xidmət keçən, quşqonmaz yüksək dağ zirvələrində səngərdə dayanan əsgərlərimizin, zabitlərimizin də əyilməzlik simvoludur. Burada əməkçi olub işləmək, filiz çıxartmaq, kəndli olub heyvandarlıqla, əkin-biçinlə məşğul olmaq, hərbçi olub Azərbaycanı qorumaq hər kişinin işi deyil, vallah... Hə, Fərhadın heykəli burada yaşayan hər kəsin simvoludur. Bu günlərdə araşdırma üçün əlindən gələn köməyi əsirgəməyən Daşkəsən Rayon Mədəniyyət Şöbəsinin müdiri Hacı müəllim bu heykəllə bağlı da mənə maraqlı bir olay danışdı. Deyir, Leninin 100 illiyi yubileyində şəhərə çıxan yerdə "böyük rəhbər"ə bir büst qoyublarmış. Bundan iki il sonra isə əlində külüng Fərhadın gördüyünüz həmin heykəlini ucaldıblar. Bundan sonra aləm dəyib bir-birinə. Burada yaşayan ermənilər mərkəzi qəzetlərə, MK-ya yazırmışlar ki, Fərhadın başının üstünə qaldırdığı külüng ondan xeyli aşağıda qərar tutmuş Leninin düz kəlləsinə tuşlanıb. Hacı müəllim mənə Leninin kəlləsinin durduğu quru beton plitələrdən ibarət yeri göstərdi. Öz aramızda qalsın, Sovet dövründə bir balaca mərdimazar insan olmaq kifayət edərdi ki, həmin iddianı eləsin, o ki qala erməni ola... Yəni, kənardan baxanda görürsən ki, doğrudan da, Fərhadın külüngü düz Leninin kəlləsinə tərəf qalxıbmış. Nəysə, yoxlamalar-filanlar gəlir, ancaq mərdimazarların dedikləri təsdiqini tapmır və Leninin kəlləsi də, Fərhad da yerində qalası olur. İllər keçir, Leninin kəlləsi köklü-köməcli dibindən qoparılır, Fərhad isə yenə əlində külüng öz yerində, həmin əzəmətli duruşuyla şəhərin girəcəyində durmaqda davam eləyir. Burada qurub-yaradan insanlar, ölkəmizi qoruyan Azərbaycan Əsgərləri kimi...

İlham Tumas

Daşkəsən

ilham-tumas@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2450

Oxşar yazılar