“Prezidentimiz Cənab İlham Əliyev və Mehriban xanım Əliyeva koronavirusla mübarizədə fədakarcasına çalışdılar. Mən görülən bu işlərə çox sevindim”.
Bunu APA-ya açıqlamasında Xalq artisti Arif Babayev deyib.
A. Babayev bildirib ki, Prezidentin qayğıkeşliyi nəticəsində xalqımız üçün xeyli iş görülüb: “Saymaqla qurtarmaq olmaz, hamısı göz qabağındadır. Görünən dağa nə bələdçi. Kasıblara, imkansızlara, qocalara nə qədər pay göndərildi. Vallah mən yaşımdan belə şey görməmişdim”.
Xalq artisti insanları diqqətli olmağa, gigiyena qaydalarına ciddi əməl etməyə çağırıb: “Allaha şükür, bizdə xəstəliyin elə böyük fəsadı olmadı. Amma bu arxayınlıq yaratmamalıdır. Allah eləməsin ikinci dalğa gəlsin. Xalqımız bunu bilməlidir, arxayınlıq olmaz. Düzdür, biz bu təhlükəni görmürük, amma təhqiqatçılar, mütəxəssislər deyirlər belə xəstəlik var. Heç kəs bilmir rəngi nədir, necə olur. Amma rəhmətə gedənləri görürük. Ona görə də ayıq-sayıq davranmalı, qoyulan qanunlara tabe olmalı, verilən tövsiyələrə canla-başla əməl etməliyik”.
A. Babayev təkcə Azərbaycanın deyil, bütün dünya ölkələrinin koronavirus pandemiyası ilə üz-üzə qaldığını vurğulayıb: “Bütün dünyanı bu virus bürüyüb. Ona görə də baxın, Prezidentimiz, onun xanımı fədakarcasına çalışırlar. Kimin üçün? Xalqımız üçün, bizim üçün. Camaat da bu qaydalara əməl eləməlidir. Arxayınlıq olmamalıdır, yoxsa xəstəlik təzədən güclənər. Mən özüm 50-60 ildir bu işə qulluq edirəm, baxırsan görəndə hörmət qoyurlar. Amma istəmirəm, istəyirəm ki, hamı kimi qayda-qanuna tabe olum, elə də edirəm. Çünki bu qaydalar birinci növbədə mənim canımın sağlığı üçündür. Xalqımızın, uşaqlarımızın gələcəyi üçün arxayınlıq yaranmamalıdır, yenə eyni sayıqlıqla dövlətin qoyduğu qaydalara, “Evdə qal!” çağırışlarına əməl etməliyik. Mən də yaşlı sənət adamı kimi, insanlarımızı buna çağırıram. Allah bu fəlakəti bizdən uzaq eləsin”.