“Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pisləyir”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, Z.Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışıb.
İki ölkə arasında ticari-iqtisadi, mədəni, humanitar əlaqələr inkişaf edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini deyən Z.Əsgərov qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.
Milli Məclis sədrinin birinci müavini Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləyib. O vurğulayıb ki, Səudiyyə Ərəbistanı Azərbaycan ilə birgə terrorizmə qarşı mübarizə aparan ən fəal ölkələrdən biridir
Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdulla ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd edib. O, Səudiyyə Ərəbistanının ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pislədiyini diqqətə çatdırıb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.