Bir vaxtlar mobil telefon bazarının lideri olan Nokia bu gün də milyonlarla insanın yaddaşında xüsusi yer tutur. Finlandiya brendinin bəzi modelləri möhkəmliyi, qeyri-adi dizaynı, uzun batareya ömrü və qabaqcıl kameraları ilə mobil telefon tarixində iz qoyub.
Lent.az xarici mediaya istinadla bütün dövrlərin ən yaxşı beş Nokia telefonunu təqdim edir. Siyahı tərtib edilərkən əsasən bu cihazlardan müxtəlif illərdə istifadə etmiş insanların təəssüratları və xatirələri nəzərə alınıb.
Nokia 3310 - Möhkəmliyi ilə əfsanəyə çevrilən telefon
Nokia 3310 mobil telefon tarixinin ən tanınmış modellərindən biri hesab olunur. Onun əsas üstünlüklərindən biri son dərəcə möhkəm olması idi. İstifadəçilər bu telefonun davamlılığını o qədər yüksək qiymətləndirirdilər ki, Nokia 3310 internetdə zarafatla “ölümsüz telefon” adlandırılırdı. Hətta cihazın yerə düşərkən beton döşəməni sındıra biləcəyi barədə zarafatlar məşhurlaşmışdı. Lakin telefonun üstünlükləri bununla məhdudlaşmırdı.
Nokia 3310 dəyişdirilə bilən rəngli korpus panelləri ilə fərqlənirdi. Bundan əlavə, cihazda Snake II və Space Impact kimi məşhur oyunlar mövcud idi. Bu gün həmin xüsusiyyətlər sadə görünsə də, 2000-ci illərin əvvəllərində istifadəçilər üçün olduqca maraqlı yeniliklər hesab olunurdu.

Nokia N95 - Cibdə daşınan multimedia mərkəzi
2007-ci ildə təqdim edilən Nokia N95 8GB bir mobil telefonda nə qədər çox funksiyanın birləşdirilə biləcəyini nümayiş etdirib. Cihaz Carl Zeiss optikası ilə təchiz edilmiş 5 meqapiksellik kamera, GPS, Wi-Fi və 8 GB daxili yaddaşla təchiz olunmuşdu. Telefonun ekranının diaqonalı 2,8 düym təşkil edirdi.
Modelin ən maraqlı xüsusiyyətlərindən biri iki istiqamətdə açılan sürüşdürmə mexanizmi idi. Bir istiqamətdə rəqəmli klaviatura, digər istiqamətdə isə musiqi və videoların idarə olunması üçün xüsusi düymələr yerləşirdi. Nokia N95 8GB həmçinin standart 3,5 millimetrlik qulaqcıq girişinə malik idi. İstifadəçilər bu modeli çoxfunksiyalılığına görə telefonlar arasında “İsveçrə bıçağı”na bənzədirdilər. Kiçik ölçülərinə baxmayaraq, cihaz müxtəlif gündəlik ehtiyacları qarşılaya bilirdi.

Nokia E71 - İş adamlarının sevimli telefonu
Nokia E71 əsasən işgüzar istifadəçilər üçün hazırlanmış model kimi yadda qalıb. Telefonun ən diqqətçəkən xüsusiyyəti tam fiziki QWERTY klaviaturası idi. Bu klaviatura mesajların və elektron məktubların daha rahat yazılmasına imkan verirdi. Paslanmayan poladdan hazırlanmış arxa panel cihaza bahalı və keyfiyyətli görünüş qazandırırdı. Nazik korpusu isə telefonu həm bir, həm də iki əllə rahat istifadə etməyə şərait yaradırdı.
Nokia E71 xüsusilə iş üçün mobil cihaz axtaran insanlar arasında populyarlıq qazanmışdı. Model Microsoft Exchange dəstəyi, təqvim və əlaqələrin sinxronlaşdırılması, eləcə də iş və şəxsi məlumatların fərqli əsas ekran rejimlərində idarə olunması imkanları ilə seçilirdi. Telefon Wi-Fi, 3G mobil şəbəkələri və GPS funksiyalarını da dəstəkləyirdi. Bundan əlavə, cihaz avtofokuslu 3,2 meqapiksellik əsas kamera ilə təchiz edilmişdi. Bu xüsusiyyətlər Nokia E71-i həm iş, həm də gündəlik istifadə üçün əlverişli telefona çevirirdi.

Nokia N8 - Kamerası ilə rəqiblərini təəccübləndirən model
Nokia N8 öz dövrünün ən güclü kameralı telefonlarından biri olub. Modelin əsas üstünlüyü Carl Zeiss optikası, böyük görüntü sensoru və ksenon işıqlandırıcı ilə təchiz edilmiş 12 meqapiksellik kamera idi. Müqayisə üçün, həmin dövrdə satışda olan iPhone 4 modelində 5 meqapiksellik kamera və LED işıqlandırıcı mövcud idi.
Nokia N8-in daha güclü ksenon işıqlandırıcısı zəif işıqlı şəraitdə foto çəkilişi zamanı üstünlük yaradırdı. Telefonun ayrıca kamera düyməsi də var idi. Bu düymə istifadəçilərə yalnız sensor ekrandan asılı qalmadan fokuslama və şəkil çəkmə imkanı verirdi.
Anodlaşdırılmış alüminiumdan hazırlanmış korpus müxtəlif rənglərdə satışa çıxarılmışdı. Cihazın 3,5 düymlük AMOLED ekranı isə fotoşəkillərin rahat görüntülənməsini təmin edirdi. Nokia N8 həmçinin HD keyfiyyətində video çəkə, videoları birbaşa telefonda redaktə edə və HDMI vasitəsilə televizora qoşula bilirdi.

Nokia Lumia 1020 - 41 meqapiksellik kamera ilə tarix yazan telefon
2013-cü ildə təqdim edilən Nokia Lumia 1020 öz dövrünün ən qeyri-adi kameralı smartfonlarından biri hesab olunurdu. Model 41 meqapiksellik görüntü sensoru, Zeiss optikası, optik görüntü sabitləşdirmə sistemi və ksenon işıqlandırıcı ilə təchiz edilmişdi. Bu texniki göstəricilər Lumia 1020-ni rəqiblərindən fərqləndirirdi.
Telefonun PureView texnologiyası yüksək təsvir ölçülü sensordan əldə edilən məlumatları birləşdirərək daha az görüntü səs-küyünə və daha yüksək detallılığa malik 5 meqapiksellik fotoşəkillər yaratmağa imkan verirdi. Bundan başqa, istifadəçilər şəkil çəkdikdən sonra onun müəyyən hissəsini kəsə və kompozisiyanı dəyişə bilirdilər. Bu zaman adi rəqəmsal yaxınlaşdırma üsuluna ehtiyac qalmırdı. Lakin belə güclü kameranın mənfi cəhəti də var idi.
Fotoşəkillərin emalı müəyyən vaxt tələb etdiyindən hərəkətdə olan obyektləri sürətlə çəkmək həmişə rahat olmurdu. Bütün bunlara baxmayaraq, Nokia Lumia 1020 mobil fotoqrafiyanın inkişafında mühüm iz qoymuş modellərdən biri kimi yadda qalıb.

Nokia düyməli telefon istehsalını davam etdirir
Nokia brendi əvvəlki bazar mövqeyini itirsə də, onun klassik telefonlarına maraq hələ də qalmaqdadır. Nokia brendi altında telefon istehsalı ilə məşğul olan HMD Global şirkəti müasir imkanlarla təchiz edilmiş yeni düyməli telefon da təqdim edib.
Yeni model 3700 mAs tutumlu batareyaya və digər cihazları enerji ilə doldurmağa imkan verən poverbank funksiyasına malikdir.