Zakir Qaralov AŞPA-nın həmməruzəçisi ilə görüşüb
07 aprel 2016 18:01 (UTC +04:00)

Zakir Qaralov AŞPA-nın həmməruzəçisi ilə görüşüb

Aprelin 7-də Baş prokuror Zakir Qaralov Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az Baş Prokurorluğa istinadən xəbər verir ki, baş prokuror Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normaları pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar və dünya dövlətləri işğal faktını təsdiqləmiş, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi rəhbər tutularaq həll edilməsi, qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərarlar qəbul olunub. Görüşdə aprelin 2-dən başlayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı qövvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində Tərtər, Agdam və Füzuli rayonları ərazində yaşayan mülki əhali arasında ilkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinə ziyan vurulması barədə məlumat verilib. AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən baş prokuror, prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verərək əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə böyük önəm verildiyini xüsusi vurğulayıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işləri xüsusi qeyd edib.

 

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Ştefan Şennak ətraflı məlumata görə öz təşəkkürünü bildirməklə ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir etmiş və məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib. Görüşdə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar