Yardım kampaniyası təşəbbüsləri əks-effekt doğura bilərmi?- <b><span style="color:red;">SORĞU </b>
06 aprel 2016 18:48 (UTC +04:00)

Yardım kampaniyası təşəbbüsləri əks-effekt doğura bilərmi?- SORĞU

 

Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul, ərzaq, siqaret istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər.  İnsanların kütləvi surətdə qanvermə aksiyasına çağırılması, qadınların hərbi xidmətə yollanmasının lazım olduğu barədə çağırışların da şahidi oluruq. Bəs bu kampaniyalara nə dərəcədə ehtiyac var?

 

Hərbi ekspert Üzeyir Cəfərli APA-ya açıqlamasında deyib ki, hazırda 1990-cı illər deyil: “Ordunun yeni formalaşdığı, qurulduğu o illərdə təbii ki, müəyyən çətinliklər, problemlər olub. İndi isə Azərbaycan Silahlı Qüvvələri dünya ordularının həsəd apara biləcəyi rasionla, milli yeməklərlə qidalanır, geyimlə tam təmin edilib. Əsgərlərimizin təminatı ən yüksək səviyyədədir. Hətta Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər hərbi hissələrə gedəndə Azərbaycan əsgərinin yeməklərini görən zaman təəccüblərini gizlədə bilmirlər. Azərbaycan əsgərinin geyimi bu gün ən yaxşı geyimlərdən biridir. Mən belə vətənpərvərlik təşəbbüslərini yalnız ehtiyac yarandığı halda dəstəkləyirəm. Vətənpərvərlikdən irəli gələn addımlar olduğunu başa düşürəm, amma hər şey elə olmalıdır ki, narahatlıq yaranmasın. Ancaq bundan kimlərsə istifadə edə, vətənpərvərlik hisslərini gözdən sala bilər. Çalışmalıyıq ki, belə şeylər olmasın. Yeri gəlmişkən, artıq ermənilərin bəzi dezinformasiyalarının da sosial şəbəkələrə yol açdığını görürəm. Ona görə də son dərəcə diqqətli olmalıyıq. Yardım kampaniyaları ermənilərə lazımdır, çünki ermənilərin iqtisadiyyatı bərbad gündədir. Ermənilərin əsgərlərinin geyimlərin baxırsan, hərəsi bir rəngdə, nəyə imkanı çatır, onu geyinib. Azərbaycanın isə buna ehtiyacı yoxdur, əsgərlərimizin yüksək səviyyədə təminatı var. Bu yaxınlarda jurnalistlər həm hərbi hissələrdə, həm də Müdafiə Nazirliyinin Arxa Cəbhə Baş İdarəsində vəziyyəti görüblər. Narahatlıq keçirən dostlara təşəkkür edirəm, amma narahatlığa heç bir ehtiyac yoxdur”.

 

Ü. Cəfərli qanvermə kampaniyası ilə bağlı təşəbbüslərə və qadınların hərbi xidmətə getməsi barədə çağırışlara da ehtiyac olmadığını söyləyib: “Müdafiə Nazirliyinin qan ehtiyatları ilə bağlı verdiyi açıqlama hər kəsin belə kampaniyalara ehtiyac olmadığını başa düşməsi üçün yetərlidir. Ehtiyac olmayan şeylərlə bağlı dostlarımız təmkin nümayiş etdirsələr, daha yaxşı olar. Belə məsələlərdə lazımsız addımlar atılmamalıdır. Ölkədə qan ehtiyatları kifayət qədərdir. Əgər kimsə qan vermək istəyirsə, versin, amma bunu ordunun təcili qana ehtiyacı olması ilə bağlamasınlar. Digər tərəfdən, qadınlarımızın hərbi xidmətə getməsinə heç bir lüzum, ehtiyac yoxdur. Azərbaycanın nizami ordusu var, ordumuzun şəxsi heyətinin sayı Ermənistan ordusunun şəxsi heyətinin sayından qat-qat üstündür. Həm də bizim 300 min nəfər səfərbərlik çağırışı ilə rahat orduya cəlb edə biləcəyimiz insanlarımız var. Ötən il 65 min şəxsi heyətin iştirakı ilə sonuncu hərbi təlimlərdə çox rahat şəkildə ehtiyatdan 30 min nəfəri cəlb edə bildik. Ona görə də xanımların hərbi xidmətə getməsinə ehtiyac yoxdur”.

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti və ordusu çox güclüdür və bütün ehtiyatlara malikdir: “Ümumiyyətlə, Azərbaycanın 10-15 il müharibə aparılarsa, buna yetəcək ehtiyatları var.  Yardım kampaniyalarının heç birinə gərək yoxdur. Dövlət nə lazımdırsa edir, dövlətin buna imkanları var. Azərbaycanda vahid komandanlıq mövcuddur, Silahlı Qüvvələrin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti və digər aidiyyəti qurumlar lazımi addımları atır. Biz təbliğat aparanda, işlər  görəndə elə işlər görməliyik ki, bunlar ancaq dövlətimizin və millətimizin maraqlarına uyğun olsun”.

 

E. Həsənlinin sözlərinə görə, Azərbaycan ordusu sübut etdi ki, bir həftəyə, 10 günə istənilən məsələni həll edə bilər: “Xanımlarımız Tomrisin, Həcərin, Nigarın nəvələridir. Ancaq xanımlarımızın da hərbi xidmətə yollanmasına ehtiyac yoxdur, onlar igid övladlar dünyaya gətiriblər, sabah yenə də qəhrəman oğullar dünyaya gətirəcək, böyüdəcəklər. Hərə öz sahəsində, o cümlədən jurnalistlər öz qələmi ilə mübarizə aparmalıdır. İnsanlar elə sosial şəbəkələrdə, mətbuatda, öz ətraflarında təbliğat aparsınlar, mənəvi dəstək olsunlar. İnsanlar kütləvi şəkildə şəhidlərin yasında olur, yaralılarımıza baş çəkirlər, bu, təqdirəlayiqdir. Biz, hərbi yönümlü təşkilatlar, bu günlərlə Ağdamda, Tərtərdə idik, Göygöldə, Goranboyda, Ağcabədidə, şəhidlərimizin yasında olduq, cəbhə bölgəsində əhali ilə görüşdük. Bütün əhali cəbhə bölgəsinə axışır. Birinci Qarabağ müharibəsində axın Bakıya idisə, indi insanlar Bakıdan Qarabağa doğru üz tutur, böyük ruh yüksəkliyi var. Azərbaycan ordusu sübut etdi ki, qəhrəman ordudur, dünyanın ən müasir hərbi elm qanunları bu döyüşlərdə tətbiq olunub. Azərbaycan hakimiyyət strukturları yüksək səviyyədə fəaliyyət göstərdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və yerli rayon icra hakimiyyəti orqanlarının birlikdə şəhidlərimizin dəfnini təşkil etməsi, QHT-lər və mətbuatın 2 il əvvəldən fərqli davranışı, bütün xalqın davranışı, gənclərimizin aktivliyi qürur doğurdu. Aprelin 1-dən hərbi xidmətə çağırış başlayıb, biz bu proseslərdə də iştirak edirik. Aprelin 20-də yaşı tamam olacaq, aprelin 25-də tamam olacaq əsgərliyə getmək istəyən gənclər indidən əsgərliyə getmək üçün təkid edirlər. Bu, xalqımızın ortaya qoyduğu qəhrəmanlıq nümunəsidir, hər kəs Ali Baş Komandanın siyasətini dəstəkləyir”. 

 

E. Həsənli Azərbaycan ordusunun heç bir maddi dəstəyə ehtiyacı olmadığını vurğulayıb: “Qan verən həmvətənlərimizə də təşəkkür edirəm. Qan Bankında kifayət qədər ehtiyatlarımız var. Düşmənin itkisi həddindən artıq çoxdur. Azərbaycan ordusu peşəkar, nizami ordu olduğu üçün o qədər itkisi yoxdur ki, qana ehtiyacı olsun. Görürsünüz ki, heç qismən səfərbərliyə də ehtiyac yoxdur. Azərbaycanın insan resursları Ermənistandan 10 dəfə, gücümüz 20 dəfə çoxdur. Bütün dünya da gördü ki, Azərbaycan necə sabit, inkişaf edən dövlətdir. Dünya gördü ki, Azərbaycan qısa müddətdə uğurlu əməliyyatlar keçirərək torpaqlarımızı azad etməyə qadirdir. Necə ki, mayor Elçin Əliyev tankın üzərinə atılaraq əsgərlərini xilas etdi, özü şəhid oldu, onun kimi şəhidlərimizin hər biri bir dastandır. Dünya onu da gördü ki, bu xalq torpaqlarını güzəştə getməyəcək, müstəqilliyimiz də əbədidir”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da APA-ya açıqlamasında Müdafiə Nazirliyinə istinadən bəyan edib ki, Azərbaycan dövlətinin yaratdığı potensial və büdcədən ayırmalar fonunda buna imkan duyulmur: “Əvəzində isə ermənilər bütün dünya mediasında saxta “DQR ordusu”na yardım kampaniyaları həyata keçirirdilər. Yəqin ki, toplanan bu vəsaitlərin böyük hissəsi Serj Sarkisyanın növbəti qazanc mənbəyinə çevriləcək. Ancaq indi bizim üçün məsələnin ən önəmli tərəfi odur ki, Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu var və hər kəs fonda köçürmələrlə öz köməyini bu yolla həyata keçirə bilər. Bu, normal hüquqi, rəsmi addımlar olardı. İkincisi, vətəndaş təşəbbüslərinə nə qədər xoş münasibət göstərir və bundan qürur duyuruqsa, bu, geniş ictimai nəzarəti olmayan, hər hansı rəsmi xarakter daşımayan hallarda da bir sıra mənfi məqamlara gətirib çıxara bilər. Bu da özlüyündə ordu və xalq münasibətlərinə mənfi təsirini göstərə bilər. Halbuki tamamilə təchiz olunmuş və xalqı tərəfindən sevilən, etimad göstərilən silahlı qüvvələrimiz mövcuddur. Ona görə də sosial şəbəkələrdə kimlərsə bunu xoş niyyətlə həyata keçirirsə, hesab edirəm ki, dövlət orqanlarının verdikləri reaksiya ilə qane olmalıdırlar. Bu insanlar ya öz əməli köməkliklərinin formasını tapmalı, ya da bu məsələlərlə əlaqəli tədbirlərin çərçivəsi qanunvericilik qaydasında müəyyənləşməlidir. Tutaq ki, səfərbərlik dövründə hansı nəqliyyat vasitələrinin orduya yararlı olduğu tamamilə çeşidlənib, qanunla təsbit olunub. Yerdə qalan fəaliyyətlər isə qeyri-hüquqi xarakter daşıyır və dövlət buna mənfi münasibətini göstərir. Ona görə də insanların məlum çağırışlarının məqsədini düzgün dəyərləndirir, bununla bağlı vurğulayırıq ki, orduya yardım adı ilə kimlərinsə öz planlarını həyata keçirməsini istəmirik”.

 

Z. Orucun fikrincə, ən önəmli məsələ Azərbaycan ordusunun bu uğurunu əldə saxlamaq, qorumaq, mənən bu işə töhfə verməkdir: “Amma dövlət yardımla bağlı çağırışlar edərsə, bunu da qanuni yollarla həyata keçirmək mümkündür. Digər tərəfdən, Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Xanımlarımız da qürurlu şəkildə ölkəmizdə yaşamağa davam edəcəklər. Ona görə də xanımlarımız qəhrəman övladlar dünyaya gətirməklə torpaqlarımız uğrunda mübarizəyə töhfə vermiş olurlar. Bundan kənarda xanımlarımızın əsgər mundirini geyinib cəbhəyə yollanması ilk növbədə kişilərimizə zərbə olardı. Buna heç bir ehtiyac duyulmur”.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin dövlətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

APA Baycan

Oxşar yazılar