Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Hatay vilayətində 40 nəfərin ölməsi və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktlarını qəti şəkildə pisləyib. APA-nın məlumatına görə, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün Türkiyədə törədilmiş terror aktlarına münasibət bildirərək qeyd edib ki, Azərbaycan terrorun bütün növlərinin əleyhinədir və terror fəaliyyətlərini pisləyir:“Qardaş ölkə Türkiyədəki terror aktları bizi dərindən sarsıtdı. Azərbaycan Hatayın Reyhanlı qəsəbəsindəki terror aktlarını şiddətlə qınayır. Terrordan çox əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan qardaş ölkənin acısını bölüşür. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, deyə Elman Abdullayev qeyd edib .
Qeyd edək ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 100 nəfərdir, onlardan 29-nun durumu ağırdır.
Terror aktları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.