Jurnalist Xədicə İsmayıl Binəqədi rayon icra şöbəsində olub.
Musavat.com-un məlumatına görə, bunu jurnalist Facebook-da yazıb. Məhkəmə icraçıları onu Əlillərin Bərpa Mərkəzinə aparıblar: “Orada Funksional Diaqnostika şöbəsində təmizlik işləri görməyi təklif etdilər. Soruşdum ki, bu məkan ictimaiyyət üçün açıqdırmı? Dedilər “Yox”. İmtina etdim. Mənə əvvəl təklif olunmuş süpürgəçi işi ilə təmin olunmağımı tələb etdim. Dedim ki, ictimaiyyət üçün qapalı məkanda işləməyəcəyəm. Çünki Cəmil Hacıyevin başına gələnlərin (Binəqədi rayon məhkəməsinin qərarıyla cəlb edildiyi ictimai işi yerinə yetirmək üçün getdiyi Binəqədi rayon Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən döyülüb) başıma gələcəyi təqdirdə həqiqəti söyləyəcək şahidin belə olmamasını istəmirəm. İcra məmuru işdən imtina etsəm, məni üç aylıq həbs gözlədiyini dedi. Dedim ki, mən nə işdən, nə həbsdən qorxmuram. Amma görəcəyim işi ictimaiyyətin gözü qarşısında görmək istəyirəm”.