Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə xarici media nümayəndələrinin cəbhə bölgəsinə səfəri başa çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, media nümayəndələrinin görüşləri gecə saatlarınadək davam edib.
Xarici media nümayəndələri cəbhə kəndlərində olub. Füzulidən başlayan səfər Ağdam və Tərtər rayonlarında davam etdirilib. Ağdam rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra qonaqlar Əhmədağalı kəndinə gediblər. Jurnalistlər kəndə düşən mərmi nəticəsində həyatını itirən Dadaşov Qaraş Şahmar oğlunun ailəsinə baş çəkiblər.
Daha sonra mərmi düşməsi nəticəsində evi dağılan Qurbanova Familə Hüseynxan qızının evinə baxış keçirilib.
Media nümayəndələri ermənilərin atdığı mərmi nəticəsində dağılan 271 şagirdin təhsil aldığı, 30-dək müəllimin işlədiyi təhsil müəssisəsində də olublar.
Tərtər rayonunda jurnalistləri rayon İcra Hakimiyyətinin başçısı qarşılayıb. Jurnalistlər ermənilərin aprelin 5-də ağır artilleriyadan açdığı atəş nəticəsində həyatını itirmiş 15 yaşlı Həsənova Turanə Kamandar qızının ailəsinə baş çəkib. Turanə Həsənovanın anası Laləzar Həsənova baş verənlər barədə jurnalistlərə açıqlama verib. L. Həsənova yaşadıqları evin ətrafına 4-5 top mərmisi düşdüyünü, onlardan birinin partlaması nəticəsində qızının həyatını itirdiyini deyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində olan qrupa “Al Jazeera International”, “Reuters” “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxil olub.
XİN-dən bildirilib ki, qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha obyektiv çatdırmaq məqsədilə XİN və əlaqədar qurumların təşkilatçılığı ilə qərara alınıb ki, Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin qoşunların təmas xəttinə səfərləri təşkil olunsun. Səfər Ağdərə, Tərtər və Ağdam istiqamətlərini əhatə edib.