“Biz müharibə istəmirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun”
Bakı - APA. “Biz öz torpaqlarımızı qoruyuruq, bizim işimiz haqq işidir. Azərbaycan ordusu bu dəfə də düşmənə öz yerini göstərdi, yerinə oturtdu”.
APA-nın məlumatına görə, bu sözləri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında yaralı və şəhid hərbçilərin ailə üzvləri ilə görüşündə Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ordusu təmas xəttində tam üstünlüyə nail olub: “Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Azərbaycanın mövqeyini, həqiqəti əks etdirən qərar və qətnamələr qəbul ediblər. Düzdür, hələ ki bu qərarlar nəticəyə gətirib çıxarmayıb, ancaq bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi əsasdır”.
Prezident qeyd edib ki, Azərbaycan bölgədə iqtisadi və siyasi cəhətdən Ermənistanla müqayisədə xeyli dərəcədə irəli gedib: “Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də danışıqlar prosesinə hazırıq. Erməni tərəfi bu təxribatı ona görə törədib ki, beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq vəziyyətin nədən ibarət olduğu heç kimə sirr deyil, kim işğalçı, kim işğalın qurbanıdır, məlumdur. Ona görə də danışıqlar prosesini pozmaq üçün bu təxribata əl atdılar. Bu təxribat nəticəsində şəhidlərimiz olub, yaralılarımız var. Ancaq onu da bilməlisiniz ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir. Bu gün yaralı əsgərlərimizlə görüşdüm, onlara Azərbaycan xalqı adından təşəkkürümü bildirdim. Ali Baş Komandan, prezident kimi onlarla fəxr edirik. Sizə də minnətdarlıq etmək istəyirəm ki, belə gözəl, vətənpərvər, cəsarətli övladlar yetişdirmisiniz. Yaralı olsalar da, deyirlər ki, tezliklə sağalıb döyüş bölgələrinə getmək istəyirlər. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu, xalqımızın nə dərəcədə mətin, vətənpərvər olduğunu göstərir. Bu əsgərlər Azərbaycanın müstəqilliyi dövründə formalaşıblar, müstəqil Azərbaycan bayrağı altında böyüyüblər, onlarda mili qurur, ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, gənclərimiz vətənpərvər olmalıdır. Sizin övladlarınız, yaxınlarınız o gənclərdəndir ”.