Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar bəyanat yayıb. Lent.az Diaspora ilə İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bəyanatda Ukrayna Azərbaycanlıları adından Azərbaycanın dinc sakinlərin həyatlarını itirməsi ilə nəticələnən hadisələrlə bağlı ciddi narahatlıq ifadə edilir. “Son günlər baş verən hadisələr 1994-cü ildə əldə edilmiş atəşkəs danışıqlarının Ermənistan tərəfindən ciddi şəkildə pozulmasıdır. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin daha da dərinləşməsini yolverilməz hesab edir. Biz Azərbaycan torpaqlarının işğalını pisləyir və ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasına tam dəstəyimizi ifadə edirik”-deyə bəyanatda bildirilir .
UABK bütün beynəlxalq təşkilatları BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması bağlı 4 qətnamənin yerinə yetirilməsi ilə əlaqədar mümkün tədbirlər görməyə çağırır. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin sülh yolu ilə həll edilməsini və danışıqların yüksək səviyyədə aparılmasını dəstəkləyir. Təşkilat Azərbaycan Silahlı qüvvələrinin şəhid olmuş hərbi qulluqçusunun ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyir.