Müsavat Partiyasının başqanın müavini Tofiq Yaqublu həbs olunub.
Bu barədə APA-ya vəkil Akif Əlizadə məlumat verib. A. Əlizadənin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə T. Yaqublu barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T. Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Hazırda Nəsimi rayon Məhkəməsində Baş Prokurorluğun İ. Məmmədovun barəsində verdiyi təqdimat əsasında məhkəmə keçirilir.
****
15.51
Bu gün Baş Prokurorluğunun Ağır Cinayətlər dair İstintaq İdarəsinə çağırılan “REAL” hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri seçilib. İsmayıllı olayları ilə əlaqədar adları istintaq prosesində keçən hər iki şəxs Nəsimi rayon Məhkəməsinə gətirilib. Brada onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ittiham irəli sürülüb və barələrində istintaq müddətində 2 aylıq həbs-qətimkan tədbiri seçilə bilər.
Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada “REAL”ın sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun yanvarın 24-də İsmayıllıda olaraq əhaliyə təhrikçi çağırışlar etdiyi bildirilib.