Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşğunu qəbul edib.
Lent.az-ın qurumun saytına istinadən məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə olunub. Bildirilibi ki, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan xalqlarının, dövlətlərinin birliyi, qardaşlığı sarsılmazdır və tarixin sınaqlarından keçib. Bu münasibətlərin təməlində duran dəyişməz dəyərlər var olduqca bu millətlərin qardaşlığı davam və inkişaf edəcəkdir.
Azərbaycan və Türkiyə xalqlarının rifah və səadəti üçün dualar edən Şeyxülislam A. Paşazadə beynəlxalq müstəvidə daima bir-birinə dəstək verən dövlətlərimizə əmniyyət və tərəqqi arzu edib.
Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanlığı arasında əlaqələrin olduqca dəyərli, əhəmiyyətli olduğunu vurğulayan QMİ sədri A. Paşazadə bu əməkdaşlığın bölgəmiz və ümumən, müsəlman birliyi müstəvisində ənənəvi dini-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi üçün zəruri olduğuna diqqəti çəkib. O, səfirdən Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanı, möhtərəm qardaşı doktor Mehmet Görməzə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.
Səfir İsmayıl Alper Coşğun, öz növbəsində, Azərbaycan xalqının, Qafqazın nüfuzlu, tanınmış, mötəbər şəxsiyyəti kimi səciyyələndirdiyi Şeyxülislam Allahşükür Paşazadə ilə səmimi görüş və söhbətlərindən məmnun olduğunu, Azərbaycan və Türkiyə xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.