Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İordaniya Haşimiyyə Krallığının keçmiş Baş naziri, Beynəlxalq İslam Akademiyasının prezidenti Əbdüssəlam Əl-Məcalini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İordaniya Krallığı arasında tarixi mədəni və mənəvi əlaqələr barədə danışılıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi zərurəti vurğulanıb. QMİ sədri qonağın Azərbaycanda keçirilən IV Qlobal Bakı Forumunun iştirakçısı kimi təəssüratlarını dinləyib, iki qardaş dövlətin tolerantlıq, multikulturalizm sahəsində malik olduğu dəyərli ənənənin dünya üçün əhəmiyyətindən danışıb.
İordaniyalı qonağın hər zaman Azərbaycanın dostu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə onunla müxtəlif vaxtlarda mötəbər tədbir və səfərlər zamanı ünsiyyətlərini yada salıb. Azərbaycana ikinci dəfə səfər etdiyini bildirən dr. Əl-Məcali müasir dönəmdə Azərbaycan və İordaniya dostluq və qardaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, Azərbaycan və İordaniya İslam dünyasında tərəqqi edən, oxşar tarix, mədəniyyət və mənəvi dəyərlərə malik iki dövlət kimi dünya üçün təqdirəlayiq nümunədir.
Şeyxülislam A. Paşazadənin İordaniya Kral Akademiyasının fəal üzvlərindən biri kimi fəaliyyətini yüksək dəyərləndirən qonaq onu nüfuzlu elm və din xadimi kimi bütün İslam aləmi üçün əhəmiyyətli şəxsiyyət kimi səciyyələndirib. QMİ sədri, öz növbəsində, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri kimi qarşıda nəzərdə tutulan tədbir və layihələr barədə qonağa məlumat verib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olundu. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov görüşdə iştirak edib.