“Nardaranda baş verənlərin kökü başqa yerlərə gedib çıxır. Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”.
APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanın düşməni Ermənistandır: “Ola bilsin ki, onlar da burda iğtişaş törətmək istəsinlər. Saxlanılan şəxslərin bədənlərində olan rəmzlər erməniliyin simvoludur”.
A. Paşazadə qeyd edib ki, Taleh Bağırzadənin çıxışlarında insanları ancaq dövlət çevrilişinə səsləmək olub: “Onun çıxışlarında imam Hüseynin adı çəkilmirdi. Biz dindarlar prezidentimizin siyasətini bəyənirik. Daxili işlər naziri Ramil Usubovla, başqa dövlət adamları ilə danışmışam. Onlar bizə arxalanırlar. Onları bilirlər ki, bizim adamlarımızın Taleh Bağırzadə ilə əlaqəsi ola bilməz. Gələcəkdə bu cür hadisələrdə ayıq-sayıq olmalıyıq. Bu, bizim borcumuzdur”.
Şeyxülislam onu da qeyd edib ki, dinin özünə qarşı getməyin də tərəfdarı deyil: “Burada əqidə sahibləri var. Onların qəlbinə toxunmaq olmaz”.