“Yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanmasına dair ortaya hansısa sənədin çıxacağını gözləmirəm, amma uzunmüddətli perspektivdə bu məsələni nizamlanmamış saxlamaq heç kimə sərfəli deyil”. APA-nın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, bu fikirləri bu ölkənin prezidenti Serj Sərkisyan deyib.
O bildirib ki, yaranmış vəziyyət işğal olunmuş Dağlıq Qarabağda yaşayan əhali, Ermənistan və Azərbaycan üçün sərfəli deyil: “Çünki daim müharibə təhlükəsinin mövcudluğu şəraitində yaşamaq o qədər də xoş deyil”.
Sərkisyan Ermənistanı təbii resurslarla qeyri-zəngin, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün sərmayə axını olmayan ölkə adlandırıb: “İqtisadiyyatımız nə qədər açıq olsa, kommunikasiyalar nə qədər çox inkişaf etsə, bizim üçün bir o qədər asan olar. Problemin nizamlanmaması isə daim buna mane olur”.
Sərkisyan qeyd edib ki, ölkənin ən böyük problemlərindən biri dövlət vəsaitlərinin böyük hissəsini təhlükəsizlik və müdafiə xərclərinə yönəltməsidir: “Biz orduya sahib olmağa məcburuq. Bu ordu miqyasına, döyüş qabiliyyətinə və silahlanma səviyyəsinə görə ölkəmizin miqyasın ilə uyğun gəlmir. Lakin müasir silah növləri ilə təchiz edilmiş, döyüş qabiliyyətli orduya malik olmalıyıq ki, bu ordu qarşısına qoyulmuş vəzifələri yerinə yetirsin. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli Ermənistanın inkişafına yalnız müsbət təsir göstərə bilər. Lakin tək əldən səs çıxmaz. Məsələnin həlli üçün Azərbaycanın da razılığı lazımdır”.