Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının plenar iclasından sonra qurumun sədri Jan-Klod Minyon Azərbaycanın və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov və David Arutyunyanla görüşüb.
APA-nın Avropa bürosunun məlumatına görə, hər sessiya zamanı keçirilən ənənəvi üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların vacibliyi vurğulanaraq, assambleya daxilində də parlament diplomatiyası vasitəsilə bu məsələnin hər iki ölkənin nümayəndə heyətləri arasında müzakirə edilməsinin zəruriliyi qeyd olunub.
Qeyd edək ki, AŞPA sədrinin iştirakı ilə aparılan bu üçtərəfli danışıqlar bundan əvvəl mövcud olmuş Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti çərçivəsində deyil, yeni bir formatda aparılan dialoqdur.