ABŞ-ın Azərbaycandakı səfirliyi “Azərbaycan Hava Yolları”nın (AZAL) Birləşmiş Ştatlara etdiyi ilk birbaşa uçuşundan böyük məmnunluq duyduğunu bəyan edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək, iki dövlət arasında olan dostluğu gücləndirəcək.
Qeyd olunur ki, ilk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığın zirvə nöqtəsidir: “ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirib. Bunun sayəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. AZAL və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinin keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib. Biz Azərbaycan Hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğurla təbrik edirik. ABŞ hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir”.